BAKI, 28 oktyabr - Sputnik. 2020-ci il oktyabrın 28-də saat 13 radələrində düşmənin silahlı birləşmələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalarından istifadə edilməklə zərbələrin endirilməsi nəticəsində 19 nəfər həlak olub, 60-a yaxın şəxs isə yaralanıb.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı Baş Prokurorluq yayıb.
Məlumatda həmçinin bildirilir ki, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.
Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilməklə zərərçəkmiş şəxslərin siyahısının dəqiqləşdirilməsi üzrə işlər aparılır.