Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 22 oktyabr — Sputnik. Koronavirusa yoluxmada yenidən artım müşahidə olunur. Azərbaycanda oktyabrın 21-də koronavirus infeksiyasına yeni 714 yoluxma faktı qeydə alınıb. Artıq bəzi rayonlarda koronavirusa yoluxma kəskin artdığından giriş-çıxış bağlanıb. Nazirlər Kabineti bir həftə öncə "Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə" qərarında dəyişiklik edib. Dəyişikliyə əsasən, xüsusi karantin rejimi dövründə operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, habelə yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Sabirabad şəhərinə, Sabirabad rayonunun Cavad, Türkədi, Qalağayın və Kürkəndi kəndlərinə, Şəki şəhərinə və Kiş kəndinə giriş-çıxış dayandırılıb. Eyni zamanda Lənkəran rayonunun, Quba şəhərinin və Quba rayonunun bəzi kəndlərinə giriş-çıxışın dayandırılması ilə bağlı Nazirlər Kabineti tərəfindən Qərar qəbul edilib.
Sputnik Azərbaycan koronavirusa yoluxmanın kəskin artmasının səbəbini araşdırıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bildirib ki, Şəkidə və Sabirabaddakı yeni yoluxma ocaqlarının yaranmasını mövsümlə əlaqələndirmək olmaz:
"Çünki havalar ciddi şəkildə soyumayıb, temperatur normal olaraq davam edir. Yeni ocaqlar daha çox ailə, müəssisə daxilində olur. Yeni yaranan ocaqların üzərinə düşüb, onu ləğv etməyə çalışırıq".
Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, koronavirusla yoluxma hallarının artımı gözlənilən idi: "Buna hələ yay aylarında hazırlıq gedirdi. Əslində artımın özü yox, onun səviyyəsi bizi daha çox narahat etməlidir. Biz görürük ki, əhatə olunduğumuz ölkələrdə də hələ bir qədər əvvəl bu baş verib. Bu səbəbləri şərti olaraq iki qrupa ayırmaq olar.
Birinci qrup səbəblər təbiidir, yəni günəş şüalarının ekspozisiyasının azalması, havanın temperaturunun aşağı düşməsi və dəyişkən olması nəticəsində insanlar daha az hallarda açıq məkanlarda olurlar, toplaşdığı bağlı yerlərdə təmaslar artır, otaqlarda soyuq olduğu üçün havalandırmaya riayət olunmur. İnsanlar havaya uyğun düzgün geyim seçməkdə çətinlik çəkirlər, nəticədə tərləyir və ya soyuqlayırlar. Həmçinin soyuq havada yuxarı tənəffüs yollarının infeksiyalara qarşı müqaviməti bir qədər zəifləyir və s. İkinci qrup səbəblər isə bizim üçün daha əhəmiyyətlidir. Çünki bunlar korrektə oluna bilər və əhalinin davranışı ilə sıx bağlıdır. Yəni burada qeyd olunan maskanın taxılması, sosial məsafənin gözlənilməsi, təmasların azaldılması, respirator gigiyena qaydalarına əməl olunması, əllərin gigiyenası və s.-dir. Son zamanlar məhz bu qaydalara bir o qədər də ciddi riayət olunmur. Qeyd olunduğu kimi, neqativ dinamika izlənməkdədir. Bu özünü yoluxanların sayındakı artım və sağalanlarla nisbətdə üstünlük təşkil etməsi ilə göstərir".
Baş infeksionist bildirib ki, proses nəzarət olunandır və istənilən hallarda vəziyyətə uyğun adekvat qərarlar verilə bilər: "Bu qərarlar Operativ Qərargah tərəfindən qəbul olunaraq tətbiq edilir. Mənfi dinamikanın aradan qaldırılması ilə bağlı xeyli təcrübə toplanılıb. Hesab edirəm ki, son vaxtlarda yoluxanların sayının bir müddət az olması əhalidə arxayınlıq yaradıb. Maska taxanların sayı azalıb, əhalinin daha çox toplaşdığı yerlərdə sosial məsafə gözlənilmir. İctimai nəqliyyatda eyni hallar müşahidə olunur. Buna görə də bir daha əhali ilə maarifləndirmə işləri aparılmalı və bu qaydalara əməl olunmasına nəzarət ciddiləşdirilməlidir. İnsanlarımıza müraciət edərək onu da çatdırmaq istərdim ki, bu qaydalara birgə əməl etməklə biz yoluxmaların sayını azalda bilərik və bu da bizim dövlətimizə bütün səyləri Qarabağ istiqamətində cəmləşdirməyə imkan verər.
Vətəndaşlar qeyd olunan qaydalara ciddi əməl etməli, təmasları, xüsusilə hərbçilərlə sıx təmasları minimuma endirməlidir. Özünü narahat hiss edən insan müvafiq şikayətlər olarsa, tibbi yardım üçün vaxtında müraciət etməlidir. Başa düşmək lazımdır ki, Ordumuzun döyüş qabiliyyəti əsgər və zabitlərimizin sağlamlığından bilavasitə asılıdır. Bu baxımdan onlara maddi və mənəvi dəstək olaq, lakin koronavirusu unutmayaq".
Qeyd edək ki, Şəki-Zaqatala üzrə koronavirusa yoluxma 2,0, Aran bölgəsi üzrə 10,5 faizdir. Azərbaycanda 2 noyabr saat 06:00-dək xüsusi karantin rejimi tətbiq olunub.