BAKI, 6 oktyabr — Sputnik. İran ərazisinin atəşə tutulması yolverilməzdir. Sputnik Azərbaycan "İRNA"-ya istinadən xəbər verir ki, bunu İranın Müdafiə naziri Əmir Hatami bildirib.
O qeyd edib ki, Qarabağda gedən döyüşlər zamanı İranın sərhədyanı əraziləri təsadüfən artilleriya zərbələrinə məruz qalıb.
Hatami vurğulayıb ki, İran sərhədləri bu ölkənin Silahlı Qüvvələri üçün həyati əhəmiyyətə malikdir.
İranın Müdafiə nazirinin dediyinə görə, bu cür səhvlər yolverilməzdir və hər iki tərəfə bununla bağlı xəbərdarlıq edilib.
O, münaqişə tərəflərinin İranın narahatlığını nəzərə alacağına əminliyini ifadə edib: "Əks halda, İran əlavə tədbirlər görəcək".
Nazir qeyd edib ki, İran, hətta səhvən olsa belə, öz vətəndaşlarına hər hansı bir zərərin dəyməsini qəbul edə bilməz.