BAKI, 4 oktyabr - Sputnik. Düşmənə adekvat cavabların verilməsi bundan sonra da davam etdiliəcək.
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu gün keçirdiyi brifinqdə bildirib.
Yola düşərək partlamayan raketi göstərən H. Hacıyev bunların “SMERÇ” tipli sistemlərdən atılmış raket olduğu deyib.
Onun sözlərinə görə, Xankəndi şəhəri ətrafında hücum həyata keçirilən bazalar sıradan çıxarılıb:
“Azərbaycanın döyüş meydanında qazandığı uğurların müqabilində Ermənistan belə təxribatlara əl atır. Mən Gəncədə, Tərtərdə dostlarla əlaqə saxladım, hər kəs öz evindədir. Dünən hər birimiz sevindik. Ali Baş Komandanın rəhbərliyi ilə ordumuz çətin dağlıq şəraitdə keçmiş adı Madagiz, hazırkı adı Suqovuşan olan əraziləri azad etdi. Ermənistan qorxaqcasına elə addımlar atır. Ancaq Azərbaycan xalqı əmin olsun ki, işğal olunmuş ərazilərdəki legitim hərbi hədəflər sıradan çıxarılır. Ermənistan ərazisindən endirilən zərbələrə gəlincə, bu, təxribatdır və nə məqsədə xidmət etdiyi bizə məlumdur. Onlar bu gün xarici medianı toplayaraq guya Xankəndində yanğınlar barədə yalan məlumat verirlər. Xankəndi ətrafında Tərtər şəhərini vurmaq üçün istifadə edilən “SMERÇ” sistemləri vardı, onlar sıradan çıxarılıb".
H. Hacıyev erməni silahlı qüvvələri işğal olunmuş ərazilərimizdən çıxarılmayana qədər Ermənistanın təxribatlarının hər zaman baş verə biləcəyini də vurğulayıb. O, cəbhədə əzmlə döyüşlər aparan Azərbaycan Ordusuna uğurlar arzulayıb.