QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Sakinlər: "Bizim Cocuq Mərcanlını yenidən tərk etmək fikrimiz yoxdur"

© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev yenidən qurulan Cocuq Mərcanlı kəndində
Prezident İlham Əliyev yenidən qurulan Cocuq Mərcanlı kəndində  - Sputnik Azərbaycan
Abunə olmaq
"Biz bu torpağa 23 ildən sonra qayıdanda içimizdə yalnız bir hiss olub. Öz doğma torpağımızı bir daha tərk etmədən, ata-babalarımızdan bizə əmanət olan yurdumuzda yaşamaq!"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 3 oktyabr — Sputnik. Cəbrayılın Cocuq Mərcanlı kəndinə Ermənistan silahlı qüvvələri tərəfindən atəş zərbələri səngimək bilmir. Sputnik Azərbaycan kənd sakinləri ilə danışaraq cəbhəyanı kəndlərdə vəziyyəti öyrənib.

Cocuq Mərcanlı kəndinin bərpasından sonra buraya ilk köçən sakinlərdən olan Şahəddin Hüseynov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, qarşı tərəf bütün cəbhəyanı ərazilərdə yaşayış məntəqələrini hədəfə alır. Cocuq Mərcanlı isə cəbhədə vəziyyət gərginləşən ilk günlərdən atəş altındadır: "Qardaşım Şahinin evinə mərmi düşdü. İndi, demək olar ki, Cocuq Mərcanlıda evlərin mütləq əksəriyyəti yaşayış üçün yararsız vəziyyətə düşüb. Dövlətimiz tərəfindən yenidən qurulan Cocuq Mərcanlıda qarşı tərəfin təxribatları nəticəsində infrastruktur dağıdılıb, yaşayış evləri yararsız vəziyyətə salınıb. Ona görə də biz uşaqları və qadınları təhlükəsiz yerlərə yerləşdirmişik. Amma kəndin kişilərinin hamısı ön cəbhədədir. Bizim Cocuq Mərcanlını yenidən tərk etmək fikrimiz yoxdur. Biz bu torpağa 23 ildən sonra qayıdanda içimizdə yalnız bir hiss olub. Öz doğma torpağımızı bir daha tərk etmədən, ata-babalarımızdan bizə əmanət olan yurdumuzda yaşamaq!

Bizi nə raket zərbələri qorxudur, nə də ki atəş səsləri. Çünki hər zərbəyə Ordumuzun bir cavabı var. Ordumuzun gücü, döyüş əzmi bizi qələbəyə ruhlandırır. Biz əminik ki, qarşı tərəf bizdən bir daha bir qarış belə torpaq ala bilməyəcək. İndi hamı bu kənddə qələbə ruhundadır. Hamımız qələbəyə köklənmişik. 27 ildir ki, işğal altında olan torpaqlarımızın azad edilməsi bizi daha güclü edir".
© SputnikHüseynovlar ailəsi
Sakinlər: Bizim Cocuq Mərcanlını yenidən tərk etmək fikrimiz yoxdur - Sputnik Azərbaycan
Hüseynovlar ailəsi

Sputnik Azərbaycan-a danışan Cocuq Mərcanlı kənd sakini Gülxarə Kazımzadə bildirib ki, Ermənistan silahlı qüvvələrinin dinc sakinləri hədəfə alması onları doğma yurd-yuvalarından ikinci dəfə didərgin salıb: "Biz atılan raketlərə baxmayaraq öz evimizi tərk etmək istəmirdik. Amma raket zərbələri kənddə yeni inşa edilən evlərimizi yararsız vəziyyətə salıb. Ona görə də biz evlərimizdən çıxıb sığınacaqlara sığınmışıq. Cəbhəyanı kənd və qəsəbələrdə təhsil dayandırılıb. Mənim bir uşağım məktəblidir. Arzumuz odur ki, Ordumuz irəliləsin. Uşaqlarımız təhlükəsiz mühitdə yaşasınlar, məktəbə getsinlər. Mən istəyirəm ki, mənim də övladım bütün uşaqlar kimi, heç bir qorxu keçirmədən dərsə gedə bilsin. Bunun bir yolu var, o da torpaqlarımızın işğaldan azad olunmasıdır".

© SputnikHüseynovlar ailəsi
Sakinlər: Bizim Cocuq Mərcanlını yenidən tərk etmək fikrimiz yoxdur - Sputnik Azərbaycan
Hüseynovlar ailəsi

Qeyd edək ki, 1994-cü ildə həyata keçirilmiş “Horadiz” əməliyyatı zamanı Füzuli rayonunun 20-dən çox yaşayış məntəqəsi ilə yanaşı, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi də işğaldan azad edilib. Lakin Lələtəpə yüksəkliyinin erməni işğalçılarının nəzarətində olması kənd sakinlərinin oraya qayıtmasını mümkünsüz edirdi. 2016-cı ilin aprel ayında Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum hərbi əməliyyatı nəticəsində Lələtəpə” yüksəkliyi erməni işğalından azad edildiyindən kənddə insanların təhlükəsiz yaşaması mümkün olub. Bununla da, tarixən burada yaşamış dinc əhalinin öz doğma yurdlarına qayıtması üçün Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarətinə keçmiş həmin ərazilərdə əsaslı yenidənqurma işlərinin başlanmasına şərait yaranıb.

24 yanvar 2017-ci il tarixdə Prezident İlham Əliyev Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı Sərəncam imzalayıb. Bu sərəncama əsasən, kəndin ərazisi minalardan təmizlənərək ilkin mərhələdə kənddə yaşayış evlərinin, məktəb binasının və digər müvafiq infrastrukturun tikintisinə başlanılıb.

Xəbər lenti
0