Rahim Məmmədov, Sputnik Azərbaycan
BAKI, 5 sentyabr — Sputnik. Mingəçevirdə mənzil şəraiti çətin olan 2 şəhid ailəsi üçün yeni evlər tikilir. Fərdi yaşayış evləri 2016-cı ilin aprel döyüşlərində şəhid olan Adil Adilzadənin və Teymur Qasımovun Mingəçevirdə yaşayan ailələri üçün inşa edilir. Sputnik Azərbaycan xəbər verir ki, fərdi yaşayış evləri Birinci vitse-prezident Mehriban Əliyevanın göstərişinə əsasən tikilir.
Mingəçevirdə inşa edilən fərdi yaşayış evlərində işlər sürətlə gedir. Artıq tikintidə hörgü işləri başa çatdığından mənzillərin fasadına suvaq vurulur. İş icraçısı Ziyad Ağayev Sputnik Azərbaycan-a işlərin gedişi barədə bunları bildirib:
"Əvvəlki köhnə ev sökülüb, əlbəttə. Köhnə evdən əsər-əlamət qalmayıb, demək olar ki. Yeni bir dizaynda ev tikilib hazırlanır. Birmərtəbəlidir, üç otaq, mətbəx, hamam və ayaqyolu var. Hazırda suvaq, kəmər işləri gedir, ondan sonra da 3-4 günə dam örtüyü vurulacaq. İşlər sürətlə gedir, yaxın zamada təhvil veriləcək”.
Şəhid anası Gülnarə Qasımova Sputnik Azərbaycan-a dövlət qayğısını hər zaman hiss etdiklərini bildirib. O, Birinci vitse-prezidentə müraciətinə dərhal baxılaraq tez bir zamanda mənzilin tikintisinə başlanıldığını deyib.
“Hazırda kirayədə yaşayırıq, tezliklə yeni, rahat mənzilə köçəciyik. Mənzilimiz 1948-ci ildə tikilmişdi. Təmiz çökmüşdü, dağılıb-tökülürdü. Məktub yazdıq Mehriban xanım Əliyevaya, o da sağ olsun, müraciətimizə baxdı, bizim köhnə tikilinin dibindən sökülüb təzə ev inşa olunması üçün göstəriş verdi. Göz qabağındadır, hər şey yüksək səviyyədədir. Çox sağ olsunlar, çox razıyıq”, - G.Qasımova deyib.
Şəhid Adil Adilzadənin valideynlərinin yaşadığı mənzil də yenisi ilə əvəzlənir. Orada da son tamamlanma işləri görülür.
Qeyd edək ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva bu ilin iyul ayında şəhid ailələrinin qəzalı vəziyyətdə olan evlərinin əvəzinə bütün məişət təminatı ilə birlikdə yeni fərdi yaşayış sahəsinin tikilib təhvil verilməsinə dair göstəriş verib. Mingəçevirdə inşa edilən evlərin yaxın zamanlarda istifadəyə veriləcəyi gözlənilir.