BAKI, 12 avqust — Sputnik. Opera müğənnisi Eldar Əliyevin nəşinin Azərbaycana gətirilməsi istiqamətində iş aparılır. Sputnik Azərbaycan bildirir ki, bununla bağlı Dövlət Miqrasiya Xidmətinə müraciət olunub.
"Onun nəşinin vətənə gətirilməsi üçün şəxsi pasport məlumatlarına ehtiyac var. O, sonuncu dəfə 2000-ci ildə pasport alıb. Arxiv məlumatlarını əldə etdikdən sonra müvafiq sənədlər toplanılaraq İtaliyanın Azərbaycandakı səfirliyinə müraciət olunacaq", - deyə məlumatda qeyd olunub.
Qeyd edək ki, mərhum 1971-ci il iyunun 28-də Bakıda doğulub. Dünyanın ən aparıcı opera teatrlarından və sənət məbədlərindən hesab edilən "La Skala" teatrında Luçano Pavarotti, Plasido Dominqo, Mirella Freni ilə səhnəni paylaşan Eldar Əliyev avqustun 4-də Milan şəhərində 49 yaşında vəfat edib.