BAKI, 5 avqust — Sputnik. Livanın paytaxtı Beyrutda partlayışa səbəb olduğu ehtimal olunan ammonium nitrat (həmçinin ammonyak selitrası kimi tanınır) yükü Rusiyanın Xabarovsk şəhərindən olan İqor Qreçuşkinə məxsus "Rhosus" gəmisindən müsadirə olunubmuş. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Livanın "LBCI" telekanalına istinadən xəbər verir.
Qeyd olunur ki, gəmi selitranı Batumidən Mozambikə aparırmış, lakin texniki problemlərlə bağlı Livanda lövbər salıb. Yoxlamalardan sonra liman rəhbərliyi ona dənizə açılmağı qadağan edib. Məlumatda vurğulanır ki, Qreçuşkin bankrot olub və faktiki olaraq Rusiya və Ukraynadan olan dənizçiləri Livanda atıb.
"Maritime Traffic" portalı "Rhosus" gəmisinin yerinin Beyrut yaxınlığında olduğunu göstərir.
"REN TV" kanalı hazırda Qreçuşkinin Kiprdə yaşadığını bildirib.
Qeyd edək ki, avqustun 4-ü axşam saatlarında Beyrutu güclü partlayışlar silkələyib. Biri digərindən güclü olan iki partlayış şəhərin liman hissəsində yerləşən anbar binalarında baş verib.
İlkin versiyaya görə, burada 2750 ton ammonium nitrat (həmçinin ammonyak selitrası kimi tanınır) saxlanılırmış. Seysmoloji stansiyalar Rixter şkalası üzrə təxminən 5 ballıq partlayış gücünü qeydə alıb.
Güclü partlayışlar nəticəsində həlak olanların sayı artıq 100 nəfəri ötüb, dörd mindən çox adam yaralanıb. Bununla yanaşı, Livan hakimiyyəti çoxlu sayda itkin düşmüş şəxslərin olması səbəbindən qurbanların sayının artacağını gözləyir.
Dağıntıların altından indiyədək cəsədlər çıxarılır. Livan paytaxtının xəstəxanaları sözün əsl mənasında yaralılarla dolub.
Livan prezidenti çərşənbə günündən başlayaraq üç günlük matəm elan edib. Bundan başqa, Beyrutda iki həftəlik fövqəladə vəziyyət tətbiq edilib ki, bu şəraitdə hakimiyyət təhlükəsizliyi təmin etmək üçün ordudan istifadə edə bilər. Şəhərə fəlakət zonası statusu verilib.