Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 11 iyul — Sputnik. Azərbaycanda cəzaçəkmə müəssisələrində məhkumlar arasında koronavirus infeksiyasının yayılma səbəbi açıqlanıb.
Ədliyyə Nazirliyi yanında cəzaçəkmə müəssisələrinə ictimai nəzarəti həyata keçirən İctimai Komitənin üzvü Əlməmməd Nuriyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, cəzaçəkmə müəssisələrinə bu virus kənardan yayılıb: "Məlumdur ki, Ədliyyə Nazirliyinin tibb müəssisələrində bütün xəstəliklərin müalicəsi mümkün deyil. Bəzi xəstəliklər üçün məhkumlar ixtisaslaşmış tibb müəssisələrinə aparılır. Elə çəzaçəkmə müəssisəsində dializ xəstələrindən biri bu virusa məhz dializ üçün aparıldıqda yoluxub. Bu da virusun məhkumlar arasında yayıılmasına səbəb olub. Çünki dializ xəstələri ixtisaslaşmış tibb müəssisələrində bu aparata qoşulur. Hazırda çəzaçəkmə müəssisələrində məhkumlar arasında virusa yoluxmanın qarşısını almaq üçün ciddi tədbirlər görülür. Penitensiar müəssisələrdə çalışan ədliyyə işçilərinin də koronavirusa yoluxmaması üçün onlar testdən keçirilir, qoruyucu vasitələrdən istifadə edilir".
Məlumat üçün qeyd edək ki, dünən Nazirlər Kabineti yanında Operativ Qərərgahın brifinqində cəzaçəkmə müəssisələrində aparılmış kütləvi test müayinələri nəticəsində cəmi 18 nəfərdə, o cümlədən 4, 12 və 14 saylı cəzaçəkmə müəssisələrində saxlanılan məhkumlarda virusun göstəriciləri pozitiv çıxdığı bildirilib. Ədliyyə Nazirliyindən isə verilən məlumatda həmin şəxslərin dərhal izolyasiya olunduğu və xüsusi müalicə müəssisinə yerləşdirildiyi bəyan edilib. Məlumata görə, bu tibb ocağı zəruri avadanlıq və dərman vasitələri, habelə xüsusi havalalandırma sistemi ilə təchiz olunub. Hazırda virusa yoluxmuş məhkumların sağlamlıq durumu kafidir, ağır vəziyyətdə olan yoxdur. Onların müalicəsi üçün müvafiq tədbirlər görülür və səhhətləri daim həkim nəzarətində saxlanılır.