BAKI, 8 iyul – Sputnik. “Gürcüstanın quru sərhədləri ilə bağlı mövcud qaydalar qüvvədə saxlanılacaq”.
Sputnik Azərbaycan xəbər verir ki, bunu ölkənin baş nazirinin müşaviri İrakli Çikovani deyib.
Onun sözlərinə görə, qəbul olunan hər bir qərarda Gürcüstan vətəndaşlarının sağlamlığı və təhlükəsizliyi əsas götürülür.
İ.Çikovani deyib ki, hökumət Avropa İttifaqı və tərəfdaş ölkələrlə fəal əməkdaşlığı davam etdirəcək: “Hər iki həftədən bir Gürcüstana giriş və vətəndaşların həmin ölkələrə daxil olma şərtləri nəzərdən keçiriləcək”.
Qeyd edək ki, Gürcüstan Avropa İttifaqına (Aİ) üzv olan bir neçə ölkənin vətəndaşları üçün sərhədlərini açır. Gürcüstan hökumətinin qərarına əsasən həmin ölkələrin siyahısına Almaniya, Fransa, Latviya, Litva və Estoniya daxildir.
Bundan əvvəl Aİ Gürcüstanı təhlükəsiz ölkələr siyahısına daxil edib. İttifaqa üzv ölkələr mərhələli şəkildə Gürcüstan vətəndaşları üçün sərhədlərini açır.