Nigar İsgəndərova, Sputnik Azərbaycan
BAKI, 3 iyul — Sputnik. “Pandemiya ilə əlaqədar ilk gündən Prezident İlham Əliyevin rəhbərliyi altında iqtisadi çətinliklərin qarşısının alınması üçün müvafiq göstərişlər verildi”.
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov bildirib.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi deyib ki, Prezidentin tapşırığı ilə Nazirlər Kabineti tərəfindən hazırlanan Tədbirlər Planının həyata keçirilməsi bu gün davam edir: “Sərt karantinin ikinci həftəsi tamamlanır, ancaq yoluxmanın səviyyəsi hələ də yüksək səviyyədə qalır. Biz bir çox hallarda karantin rejiminin nə dərəcədə sərt olmasının onun həyata keçirilməsindən asılı olduğunu, qaydalara əməl olunmasa, sərt karantin rejiminin nəticəsinin olmayacağını bildirmişik. Mən burada tərəfləri bölmək istəmirəm, cəmiyyət olaraq bu problemlə üzləşmişik. Azərbaycanın bu problemə qalib gəlməsi üçün cəmiyyətin səfərbər olması vacibdir. Vacib odur ki, mən nə etmişəm. Çünki bu, ümumxalq problemidir və gərək hamımız səfərbər olaq. Elə bilin ki, müharibədə, ön cəbhədəyik, digər tərəfdə isə koronavirusdur. Sadəcə, maska taxmaqla, sosial məsafəni qorumaqla, əllərimizi iez-tez yumaqla biz nəticəyə nail ola bilərik”.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi deyib ki, heç kim isti havada əlcəkdə, maskada gəzmək istəməz: “Ancaq bunun üçün hamımız qaydalara riayət etməliyik. Bu gün bir çox sualın cavabını bilmirik. Əvvəllər deyirdilər ki, dünya təcrübəsinə müraciət edin. Bu üsulların cavabını hazırda dünya axtarır və tapa bilmir. Mənim də ailəm, uşaqlarım var, bu suallar da məni narahat edir, ailəm də risk altındadır. O riski yaradanlar da insanlardır. “Sosial məsafəni saxlamasam, maska taxmasam, əlimi yumasam, heç nə olmaz” demək düzgün deyil. Sərt karantin rejiminin uzadılmasının da səbəbi odur ki, artım zəncirini qırmaq üçün tibbi-metodiki göstərişlərə riayət edilməlidir”.
Ş. Mövsümov qeyd edib ki, bu gün artım dalğası tək Azərbaycanla bağlı deyil: “ABŞ və Çində də bu artım var. Azərbaycandan sonra yumşalmalara gedən ölkələrdə də ciddi problem var. Sadəcə, maska taxmaq, sosial məsafəni gözləmək, əlləri yumaq lazımdır”.