BAKI, 30 iyun – Sputnik. “Qlobal xarakter daşıyan koronavirus pandemiyasına qarşı qlobal fəaliyyət formalaşdırılmalı idi”.
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
H. Hacıyev deyib ki, virusa ilk yoluxmanın qeydə alındığı 6 aydan artıq müddətdə qlobal səviyyədə həmrəylik tam formalaşdırılmayıb: “Ona görə də Prezident İlham Əliyev tərəfindən qlobal həmrəylik təşəbbüsü göstərilib. Ona görə də BMT prosedurlarına uyğun olaraq, qarşıdakı 15 gün ərzində BMT Baş Assambleyasının (BA) xüsusi sessiyasının keçirilməsi təmin edilməlidir. Problemlə mübarizədə qlobal həmrəylik olmalıdır”.