“Koronavirus pandemiyasının yaratdığı fəsadlar səbəbindən qlobal iqtisadiyyat ağır vəziyyətlə üzləşib. Böhran azaldıqca orta və uzunmüddətli perspektivləri gücləndirmək, yaranmış vəziyyətdən az itki ilə çıxmaq üçün zəruri islahatları həyata keçirməkdə davam etmək lazımdır”. Sputnik Azərbaycan xəbər verir ki, bu fikirləri AzərTAC-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli deyib.
“Pandemiya dünyanın gedişini dəyişdirəcək. Bir tərəfdən qlobal miqyasda rəqabət güclənəcək, eyni zamanda, qlobal koordinasiya və əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edəcək. Bu baxımdan, iyunun 16-da “Microsoft” şirkətinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə şirkətin vitse-prezidenti və digər nümayəndələri arasında keçirilən videokonfrans bir sıra cəhətlərinə görə xüsusi əhəmiyyət kəsb edir. Pandemiyanın diktə etdiyi şəraitə və çağırışlara uyğun olaraq dünya sürətlə dəyişməkdədir. Artıq dəyişməyə meyillənən yeni dünyada ən qiymətli dəyər bilik, sürət və zaman olacaq. Ona görə də hansı ölkə həmin parametrlərə uyğun islahatlar aparıb, innovasiyalı inkişaf yolu tutacaqsa o, udacaq” – deyə millət vəkili bildirib.
Əli Məsimlinin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz