BAKI, 12 iyun — Sputnik. Xalq artisti Teymur Mustafayev koronavirusa yoluxma səbəbindən dünyasını dəyişib. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Yoluxucu xəstəliklər üzrə İşçi qrupunun rəhbəri, infeksionist Vasif Əliyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində bildirib.
V.Əliyev deyib ki, T.Mustayafevə hər iki ağciyərin ciddi sətəlcəmi diaqnozu qoyulub: "Reanimasiyada bütün tədbirlərin görülməsinə baxmayaraq, Teymur Mustafayevin həyatını xilas etmək mümkün olmadı. Onunla təmasda olan insanlar mütləq qaydada nəzarətə götürülməli və hər-hansı əlamətlər olarsa, 103 xidmətinə xəbər verilməlidir. Çox təəssüf ki, bəzən koronavirus xəstələri xəstəxanaya getməmək üçün bunu gizlədirlər. Xəstəlik gecikmiş formada olanda onları xilas etmək həkimlərimiz üçün də çətin olur".