Bir zamanlar bu bina Quba rayonunun yeganə doğum evi olub. Qırmızı Qəsəbədə yerləşən bina o dövrün ənənələrindən fərqli olaraq Avropa memarlıq üslubunda tikilib. Adı məlum olmayan, yəhudi əsilli bir milyonçunun tikdirdiyi söylənilir. Tarixi dəqiq bəlli olmayan bu bina Sovet vaxtında müsadirə edilib və doğum evi kimi fəaliyyət göstərib.
Maraqlısı odur ki, hər kəs bu binanın üzərindəki uşaq freskalarına görə məhz doğum evi kimi inşa edildiyini düşünüb. Amma rəvayətə görə, binanı inşa etdirən şəxsi övladı olmadığından bu cür freskaları seçdiyi söylənir. Düzdür, bəzi sakinlər bu məlumatı inkar edirlər.
9 binadan ibarət bu qədim binada doğum üçün hər cür şərait yaradılıb. Quba Rayon İcra Hakimiyyəti başçısının Qırmızı Qəsəbə üzrə nümayəndəsi Pisak Pisakovun sözlərinə görə, burada körpə palatası, gözləmə və doğum palatası ayrı olub.
“Bu doğuş evinə vaxtilə bütün ətraf kənd və rayonlardan qadınlar doğuş üçün gəlirdilər. Bu da ondan irəli gəlirdi ki, doğrudan da bu doğuş evində çox yaxşı həkim personalı var idi”, - deyə o, bizimlə bölüşüb.
Hətta əsrin əvvəlində bu binada keysəriyyə əməliyyatının aparıldığı belə deyilir. Buna da sübut illər öncə 87 yaşlı yəhudi əsilli bir şəxsin binanı ziyarət etməsi və onun bu binada keysəriyyə üsulu ilə dünyaya göz açdığını söyləməsidir.
Rayonda müasir perinatal mərkəzinin inşasından sonra isə freskalı doğum evi qadın məsləhətxanası kimi fəaliyyət göstərib. Son iki-üç ildə isə tamamilə istifadəsiz qalıb. 2001-ci ildə tarixi abidə kimi dövlət qeydiyyatına alınıb, amma hal-hazırda binanın çox böyük təmir işlərinə ehtiyacı var.