Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Karantin sərtləşdikcə qiymətdə "yumşalan" qızıl: özümüz bilərik

© AFP 2024 / PATRICK HERTZOGЗолотые слитки, фото из архива
Золотые слитки, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspert: "Son 3 ayda dünya bazarlarında qızılın qiymətində bahalaşma olub və qızılın 1 unsiyası (31 qramı) 1400 dollardan 1700 dollaradək qalxıb"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 9 iyun — Sputnik. Son aylarda dünyada qızılın qiymətində kəskin bahalaşma müşahidə edilir. Koronavirus pandemiyası dövründə qızıl dünyada investorlar üçün ən etibarlı alətə çevrilib. Amma digər tərəfdən, pandemiya dövründə məhdudiyyətlərin tətbiqi qızıla olan tələbatı azaldıb. Bir müddətdir ki, Azərbaycanda xüsusi karantin rejimi çərçivəsində toy məclislərinin keçirilməsinə qadağa qoyulub. Bu da qızıla olan tələbatı azaldıb. Bəs ölkədə qızılın qiymətində dəyişiklik gözlənilirmi?

 Daşkəsən rayonunda yerləşən Çovdar qızıl və gümüş yatağı, arxiv şəkli - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Qızıla görə Daşkəsənə güvənə bilərik

İqtisadçı-ekspert Natiq Cəfərli Sputnik Azərbaycan-a deyib ki, son 3 ayda dünya bazarlarında qızılın qiymətində bahalaşma olub və qızılın 1 unsiyası (31 qramı) 1400 dollardan 1700 dollaradək qalxıb: "Qızıl tarixən dünya iqtisadiyyatında təlatümlər yaşanarkən "güvənli liman" rolunu oynayıb. Koronavirus pandemiyası dövründə dünya iqtisadiyyatında hansı proseslərin baş verəcəyi və bunun nə vaxtadək davam edəcəyi aydın deyil. Ona görə də investorların bir çoxu öz aktivlərini qızıla çevirməyə başladı. Qısa müddət ərzində qızılın qiyməti ən sürətli şəkildə artdı. İndi dünya bazarında qızılın qiyməti bir az sabitləşib, 1700 dollar civarındadır. Bunun da səbəbi odur ki, artıq bir sıra ölkələr karantin rejimlərini yumşaltmağa başladı və investorlarda maraq yarandı. Ona görə də qızılın qiymətinin sürətlə artmasının qarşısı alındı, yəni müəyyən qədər sabitləşmə baş verdi. Hətta yaxın aylarda dünya iqtisadiyyatında normallaşma daha sürətlə baş verərsə, qızılın qiymətinin aşağı düşməsi ehtimalı var".

"Azərbaycanda isə vəziyyət bir az fərqlidir. Çünki Azərbaycanda qızıl qiymətinin dünya bazarları ilə birbaşa əlaqəsi yoxdur. Düzdür, dünyada qızılın qiymətinin qalxıb-düşməsi bizdə qızılın qiymətinə müəyyən qədər təsir edir. Çünki ölkəmizə qızıl əşyalar şəklində əsasən xaricdən (Türkiyə, ərəb ölkələri və daha çox Rusiya) gətirilir", - deyə o qeyd edib.

O bildirib ki, amma əslində qiymətə təsir edən əsas amil tələb-təklif amilidir: "Son zamanlar toyların olmaması tələbi xeyli dərəcədə zəiflədib. Karantin tədbirlərinə görə, satış yerlərinin qapalı olması, toyların nə vaxt başlayacağının bilinməməsi qızıla olan tələbatı xeyli azaldıb. Bundan əlavə, pandemiya dövründə təkcə ölkəmizdə deyil, dünyada insanların alıcılıq qabiliyyəti də aşağı düşüb. Ona görə də Azərbaycanda qızılın qiymətində kəskin artımın olması ehtimalı çox aşağıdır. Ölkəmizdə qızılın qiymətinin kəskin artacağı gözlənilmir".

İqtisadçı-ekspert Rəşad Həsənov isə Sputnik Azərbaycan-a deyib ki, Azərbaycan bazarında qızılın qiymətinin formalaşmasında iki əsas faktor var: "Birincisi xam qızılın maya dəyəri, ikincisi isə qızıla olan tələbdir. Xam qızılın qiyməti ilə zinət əşyası kimi satılan qızılın qiyməti arasında kəskin fərqlər olur. Son dövrlərdə, xüsusilə pandemiya dövründə dünya bazarında qızılın qiyməti əhəmiyyətli səviyyədə artıb.

Digər istiqamətlərdə risklər artdığı üçün investorlar qızıla yönəlirlər. Azərbaycanda pandemiya ilə bağlı məhdudiyyətlərin tətbiq olunması zərgərlik məhsullarına tələbi azaldıb və bu da qiymətin aşağı düşməsinə şərait yaradır. Amma digər tərəfdən isə qızılın maya dəyərinin artması qiymətin bahalaşmasına şərait yaradır. Ona görə də bazarda qiymətlər bu iki istiqamətin ortasında formalaşır".

"Amma ola bilsin, iqtisadiyyatın mərhələli şəkildə artırılması dünya bazarında qızılın maya dəyərinin ucuzlaşmasına gətirib çıxarsın və bu, gözləniləndir. Böyük ehtimal ilin sonunadək qızılın qiyməti aşağı düşəcək", - deyə o əlavə edib.

Xəbər lenti
0