BAKI, 29 may — Sputnik. İstehsal prosesinin qablaşdırma mərhələsi Azərbaycan Respublikasının ərazisində həyata keçirilən dərman vasitələri 2020-ci il iyunun 1-dən 5 il müddətinə "Dövlət satınalmaları haqqında" qanuna uyğun olaraq güzəştli düzəlişin tətbiqi məqsədilə yerli mal hesab ediləcək.
Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 29 yanvar tarixli 668 nömrəli Fərmanına edilən dəyişiklikdə əksini tapıb. Qeyd edək ki, "Dövlət satınalmaları haqqında" qanuna edilən dəyişikliyə əsasən, güzəştli düzəliş qeyri-neft məhsullarının istehsalı sahəsində investisiyaların stimullaşdırılması məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan istehsal prosesinin hər-hansı mərhələsi Azərbaycan Respublikasının ərazisində həyata keçirilən mallara da şamil edilir.