Xalid Məmmədov, Sputnik Azərbaycan
BAKI, 14 may — Sputnik. Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası Maliyyə Sabitliyi Şurasının tövsiyəsinə əsasən, Mərkəzi Bank ilə razılaşdırılmaqla 1 iyun 2020-ci il tarixindən etibarən milli valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin 10%-dən 12%-dək qaldırılması barədə qərar qəbul edib.
Qeyd edək ki, əmanətçilər əmanətlərin sığortalanması üçün heç bir ödəniş etmirlər, sığorta haqları yalnız banklar tərəfindən ödənilir.
Bəs əmanət faizlərinin artırılması insanların banklara əmanət qoymasını təşviq edəcəkmi? Bu addım əmanət yerləşdirməyə marağı artıracaqmı?
Bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov Sputnik Azərbaycan-a deyib ki, bu addım banklara əmanət qoymağa təşviq etməyəcək:
"Faizlərin artırılması gecikmiş addımdır. İndi manatla olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsi 12 faizə qaldırılıb. Məsələn, əgər şəxs banka 1000 manat əmanət qoyubsa, ilin axırında bank həmin şəxsə 120 manat pul ödəməlidir. Burada 1000 manat da, 120 manat da qorunur. Əvvəllər isə bu rəqəm 15 faiz idi. Banklar aşağı faizlə kredit versinlər deyə əmanət faizləri aşağı salınmışdı. Manatla olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 20-25 faiz olsa, bu zaman da kreditlər "öləcək" və bu da iqtisadiyyat üçün pisdir".
Onun fikrincə, insanlar daha çox xarici valyutada pullarını saxlamağa meyllidirlər: "Digər tərəfdən, əmanətlərin tam sığortalanması müddəti də dekabrın 4-də başa çatır. Yəni 4 dekabrdan sonra bir bankda yalnız 30 min manat həddində əmanət sığortalı olacaq".
“Bankları xilas etməyə çalışdıq, amma...." - Elman Rüstəmov>>
Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Emin Qəribli isə Sputnik Azərbaycan-a açıqlamasında əmanət faizlərinin artırılmasını müsbət addım kimi qiymətləndirib: "Manatla olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin 12%-dək qaldırılması müsbətdir. Dollarlaşmanın qarşısını almaq üçün bir sıra tədbirlər görülür və manatla olan əmanət faizlərinin qaldırılması dollarlaşmanın qarşısını alır. Bank sektorunun stimullaşdırılması müsbət haldır. Devalvasiya və inflyasiya yoxdur və prinsip etibarı ilə 12 faiz yaxşıdır.
Manatla olan əmanət üzrə illik 12 faiz həm əhali, həm də banklar üçün sərfəlidir və ən əsası insanlarda bank sektoruna inam artacaq. Manatın məzənnəsinin qorunub saxlanılması və digər tərəfdən əmanət faizlərinin artırılması müsbətdir. İnsanlar banklarda manatla əmanət yerləşdirsələr, bu, daha sərfəlidir".
Qeyd edək ki, 1 iyul 2019-cu il tarixinədək qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi milli valyutada 15%, xarici valyutada isə 3% olub. 1 iyul 2019-cu il tarixindən etibarən milli valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 10%, xarici valyutada isə 2,5% təşkil edirdi.
Onu da bildirək ki, kompensasiya almaq üçün əmanətçi yazılı ərizə ilə Əmanətlərin Sığortalanması Fonduna müraciət etməlidir. Əmanətçiyə kompensasiya ərizənin verildiyi tarixdən etibarən 90 gün müddətində Fond tərəfindən ödənilir.