İradə Cəlilova, Sputnik Azərbaycan
BAKI, 13 may — Sputnik. Koronavirus təhlükəsinə qarşı tətbiq edilən xüsusi rejimli karantin dönəmində əksər mağazalar, restoran və kafelər, ticarət obyektləri fəaliyyətini dayandırdı. Bu dönəmdə əksər sahibkarlar da çıxılmaz vəziyyətə düşdü.
Karantin dönəmində biznesi necə idarə etməli, krizis menecmenti necə qurulmalıdır? Sputnik Azərbaycan düyü və çəltik istehsalı ilə məşğul olan şirkətin rəhbəri Azər Məmmədovla bu barədə danışıb.
- Biz komanda olaraq, 2017-ci ildən etibarən, Lənkəran rayonunda 160 hektar ərazidə çəltikçilik və təbii düyü istehsalı ilə məşğuluq. Sözsüz ki, layihəyə başlayarkən ciddi çətinliklər oldu. Əsasən ölkəmizdə müəyyən səbəblərdən unudulmuş bir sahə olaraq ciddi kadr çatışmazlığı var idi. Bu problemləri aşmaq üçün çəltikçiliyin ən çətin işi olan topoqrafiya və əkin ərazisinin hazırlanmasında Yaponiyadan mütəxəssislər cəlb etdik. Bundan əlavə, əkin və yetişdirilmə üçün isə ölkəmizin çəltikçilik üzrə alim aqronomu ilə birgə Cənubi Koreyada təcrübə keçərək müvafiq biznesdə tətbiq etdik.
Çəltikdən keyfiyyətli düyü əldə etmək üçün tək əkin yetmir, həm də keyfiyyətli qurutma və emal prosesi tələb olunur. Biz bu baxımdan müasir avadanlıqlardan istifadə edərək ənənəvi üsulları tətbiq edirik. Fəaliyyətimiz zamanı yerli icra orqanlarının, Kənd Təsərrüfatı Nazirliyinin də yaxından diqqətini əsirgəmədiyini bildirməyi özümə borc bilirəm. Belə ki, həm rayonda olan bir çox problemlərimiz həll edilib, həm də "Çəltikçiliyin inkişafı üçün qəbul olunmuş Dövlət proqramı"na əsasən İqtisadiyyat Nazirliyinin "İnvestisiyaların Təşviqi üzrə Layihə" çərçivəsində Kənd Təsərrüfatı Nazirliyinin Aqrolizinq ASC təşkilatı tərəfindən gətirilmiş müasir texnikaları güzəştli şərtlərlə almışıq. Qeyd etməliyəm ki, nə əkin, nə də emal zamanı heç bir qatqılardan, dərmanlardan istifadə etmirik. Təbii düyü əldə etmək əsas öncəliyimizdir. Bütün bu fəaliyyət nəticəsində artıq bu gün qürurla qeyd edə bilərəm ki, ölkənin düyü sferası üzrə yeganə bizik ki, məhsulun əvvəlindən sonunadək bütün fazalarını həyata keçiririk. Belə ki, düyünün toxumlarının yetişdirilməsi, şitil şəklinə gətirilməsi, əkilməsi, qurudulması, emalı və qablaşdırılmasını öz vasitələrimizlə edirik.
Şirkət Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Dövlət Agentliyi tərəfindən rəsmi olaraq qida istehsalçısı kimi qeydiyyatdan keçib və dövlət reyestrinə daxil edilib. Çəltikçilik (düyü) sahəsində təcrübəli mütəxəssislərdən ibarət komandamızın fəaliyyəti ilə ciddi nəticələr əldə etmişik. Hazırda istər əkin ərazilərimiz olsun, istərsə də emalat sahəmiz olsun, həm Kənd Təsərrüfatı Nazirliyi, həm də FAO Azərbaycan tərəfindən nümunəvi çəltikçilik biznesi kimi qeydiyyatdadır. Bu səbəbdən müəssisəmizdə həm müvafiq sahə üzrə ekoturizm turları, həm də xarici qonaqlarla tədbirlər təşkil olunur.
Məhsulumuzun spesifik xüsusiyyəti təbii, ətirli və asan həzm olunan düyü olmasıdır. Satışımızı, əsasən böyük təchizatçılar vasitəsilə həyata keçirməkdəyik. Bildiyiniz şəbəkə marketlərin bir çoxu ilə müqaviləmiz var. Firma dükanı olaraq daha öncə yalnız Lənkəran şəhərində bir mağazamız var idi. Artıq Cəlilabad rayonunda da firma dükanımız var.
- İndi hazırda vəziyyət necədir, pandemiya dövrünü necə idarə edirsiniz?
- Qida biznesi olduğundan fəaliyyətimizə icazə verilib. Təbii ki, düyü birinci sinif vaciblikdə qida olduğundan müvafiq vəziyyətdə bizim iş gərginliyimiz daha da artıb. Həm cari əkinə hazırlıq işlərini gecikdirməməli, həm də istehlakçıların tələbatını ödəməkdə gecikməməliyik. Öncə pandemiyanın başlanmasından etibarən emal sahəmizdə mütəmadi dezinfeksiyanı təmin etdik. Yekun məhsulla daim yaxın işləyən işçilər həmişə steril papaq və əlcəklə işlədiyindən, hazırda yalnız maska əlavə edərək fəaliyyəti davam edirik. Tək özümün bu biznesdə olmağımı nəzərə almadan, məncə, hamımız cari vəziyyətdə bir daha anladıq ki, yerli istehsal nə dərəcədə önəm kəsb edir.
- Krizis menecmentini necə qurmusunuz?
- Krizis vəziyyətində, sırf bizim biznesə aid ən önə çıxan problem - təşviş səbəbindən satışın kəskin artmasıdır. Düzdür, zahirən bu bizim üçün ilk baxışda cazibəli görünsə də, təchizatçıları doğru şəkildə təmin etmək ciddi məsələdir. Çünki hər təchizatçı birdən çox məhsul almaq istəyir. Biz isə, bütün təchizatçılara məhsul təminatının daimiliyini düzgün qurmalıyıq. Odur ki, çalışırıq, heç bir təchizatçıda azalmaya yol verməyək. Təəssüf ki, yerli düyü istehsalını artırmaq üçün torpaq bazasında çatışmazlıqlar var.
- Karantin dövründən sonra necə çalışacaqsınız?
- Karantin dövründə, əsas qida məhsulları çox daha artıq əhəmiyyət daşıdığından biz fəaliyyətimizi daha da artırmışıq. Əkin sahəsindəki işlərə görə isə gecikə bilmirik, çünki karantin də olsa, normal vəziyyət də olsa, qida vacibdir. Odur ki, karantindən sonra da çalışmalarımız tam sürətlə davam edəcək. Sadəcə daha rahat işləyəcəyik, inşallah. Ümid edirəm, tez zamanda dövlətimiz dünyanı bürümüş bu pandemiyadan minimum zərərlərlə çıxacaq.
- Hansı planlarınız var?
- Əsas hədəfimiz yerli istehsalı artırmaq, müasir təsərrüfat sistemlərini tətbiq etmək və qida standartlarına uyğun keyfiyyətli məhsullar istehsal etməkdir. Əvvəllər yerli məhsula tələbat az idi. İnsanlar əsasən tanımırdılar, xarici məhsullara çox alışmışdılar. İllər keçdikcə bu "tilsim" sınmaqdadır. Bizim düyülərə də tələbat günbəbün artır. Əsas çətinliyimiz hazırda çəltiyə yararlı torpaqların məhdud olmasıdır. Odur ki, əsas planımız yararlı torpaqları müəyyən edib dövlətdən və ya şəxslərdən icarəyə götürərək əlavə əkin yerləri tapmaqdır.
Bundan əlavə, cənub bölgəsində birbaşa satışı optimallaşdırmaq məqsədilə tezliklə Masallı və Astarada firma dükanlarını açacağıq.
P.S. Qeyd edək ki, şirkət ümumxalq yardım çağırışlarına çətin dövrün ilk günlərindən qoşulub.