BAKI, 13 may — Sputnik. Ermənistanda koronavirusa yoluxanların sayı 3718-ə çatıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.
Məlumatda qeyd olunub ki, son 24 saat ərzində bu virusa yoluxanların sayı daha 180 nəfər artıb.
Ermənistanda son gündə daha 1 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 48-ə çatıb. Xəstəlikdən sağalanların sayı 1500-ə çatıb.
Hazırda Ermənistanda 2149 nəfər virusdan müalicə alır.
Qonşu Gürcüstanda isə son sutka ərzində 8 nəfərdə virus təsbit olunub, bununla da ölkədə koronavirus aşkarlanan şəxslərin sayı 647-yə çatıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 4,2 milyonu keçib, 292 mindən çox adam isə virus səbəbilə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.