BAKI, 12 may — Sputnik. Ermənistanda koronavirusa yoluxanların sayı 3538-ə çatıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.
Məlumatda qeyd olunub ki, son 24 saat ərzində bu virusa yoluxanların sayı daha 146 nəfər artıb.
Ermənistanda son gündə daha 1 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 47-yə çatıb. Xəstəlikdən sağalanların sayı 1430-a çatıb.
Hazırda Ermənistanda 2042 nəfər virusdan müalicə alır.
Qonşu Gürcüstanda isə son sutka ərzində bir nəfərdə virus təsbit olunub, bununla da ölkədə koronavirus aşkarlanan şəxslərin sayı 639-a çatıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 4,1 milyonu keçib, 286 mindən çox adam isə virus səbəbilə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.