Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 7 may — Sputnik. Koronavirusun yayılma riskinin ən çox olduğu yerlərdən biri bərbərxanalar, gözəllik salonlarıdır.
Azərbaycanda da bərbərxanalar, gözəllik salonlarının fəaliyyəti müəyyən müddət qadağan edilsə də, son günlər məhdudiyyətlərin yumşaldılması fonunda onların işi bərpa olunub. Amma... bu məkanlarda koronovirus yoluxma riski qalmaqdadır. Çünki bərbərxana və gözəllik mərkəzlərinin əksəriyyətində koronovirus pandemiyası dövründə sanitar-gigiyenik tələblər qorunmur. Xüsusilə lazer epilyasiyası ilə bağlı, kosmetoloji proseduralarla əlaqədar növbə rejimi ciddi şəkildə pozulur. Halbuki Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) müxtəlif ticarət və xidmət sahələrində, ofislərdə koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair metodiki göstərişlər hazırlayıb.
Bu sənəd müxtəlif ticarət və xidmət sahələrində, ofislərdə çalışan əməkdaşların və vətəndaşların sağlamlığının qorunması məqsədi ilə hazırda koronavirus (COVID-19) infeksiyasına dair aparılan elmi araşdırma faktlarına əsaslanaraq tərtib olunub. Qeyd olunub ki, bərbər və gözəllik salonlarında onlayn növbə qəbul sistemi tətbiq olunmalıdır. Bundan başqa, əllərin yuyulmasına ciddi əməl edilməlidir. İş proseslərindən əvvəl və sonra əllər mütləq yuyulmalıdır. Bərbərlər və onlarla birgə çalışan şəxslər müvafiq formalar geyinməlidir. Xidmət zamanı hər müştəri üçün ayrı önlük istifadə olunmalıdır. Əməkdaşların və müştərilərin tibbi maskadan istifadəsi məcburidir. Kosmetoloji xidmətlər zamanı xidmət göstərənin sipərik, tibbi maska və əlcəkdən istifadə məcburi hesab olunur. Həmçinin hər bir müştəri üçün ayrı dəsmallar istifadə olunmalıdır. Qayçı, ülgüc, təraş maşınlarının başlıqları və istifadə edilən digər alətlər mütləq dezinfeksiya edilməlidir. Ülgüc, epilyasiya iynə ucları kimi deşici və kəsici alətlər tibbi tullantı qutusuna atılmalı və tibbi tullantı kimi ləğv edilməlidir. Qayçılar və ülgüc başlıqları yuyulduqdan sonra spirtlə təmizlənməlidir. Amma müşahidələr göstərir ki, bərbərxana və gözəllik salonlarının çoxu bu qaydalara əməl etmir.
Kosmetoloq Elnarə Rzayeva da Sputnik Azərbaycan-a bildirib ki, pandemiya dövründə bərbərxanalar, gözəllik mərkəzləri sanitar və gigiyenik tələblərə mütləq şəkildə əməl etməli olsalar da, çoxu bu qaydalara məhəl qoymur:
“Çox təəssüf ki, gözəllik salonlarında müştərilərə xidmət mövcud qaydalara uyğun tənzimlənmir. Halbuki xidmətin növünə uyğun olaraq belə məkanlarda müştərilər vaxtla qəbul edilməlidir. Məsələn, bizim mərkəzdə bir pasiyent üçün bir saat vaxt ayırırıq. Pasiyentlərin qəbulu onlayn aparılır. Kosmetoloji xidmətlərdə daha dıqqətli davranmaq tələb olunur. Dəri ilə təmasda birdəfəlik tibbi əşyalardan istifadə edilməlidir. Hər bir şpris istifadə edildikdən sonra dezinfeksiya edilir, sonra xüsusi torbalarda saxlanılaraq tibbi tullantı kimi zərərsizləşdirilir. Ona görə də, pasiyentlər də bu məsələdə tələbkar davranmalıdırlar. Pasiyentlər kosmetoloji xidmətləri alarkən gigiyenik tələblərə əməl edilməsinə maraq göstərməlidirlər. Əgər pasiyent tələb edərlərsə kosmetoloq, bərbər buna məcbur olacaq”.
Kosmetoloq bildirir ki, pandemiya dövründə bütün estetik xidmətlər qayda-qanunla keçirilməlidir. E. Rzayeva deyir ki, hazırda bu sahədə qaydalar təkcə bərbərxana və gözəllik mərkəzlərində pozulmur. Karantin dövründə qanuni fəaliyyət göstərməyən kosmetoloqlar müştərilərini evində qəbul edir: “Buna qəti yol vermək olmaz. Müştəri kosmetoloji xidməti evdə ala bilməz. Hər bir gözəllik mərkəzinin dezinfeksiyaedici məhlulları olmalıdır. Evdə xidmət zamanı kosmetoloqun gigiyenik qaydalara əməl edib-etməyəcəyi sual altındadır. Ona görə də, pasiyentlərə birmənalı olaraq evdə kosmetoloji xidmətlərdən imtina etməyə səsləyirəm. Bu, təhlükəlidir. Təkcə kosmetoloji fəsad yox, bu zaman koronavirusa yoluxma riski də artır”.
Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Rzayeva isə bərbərxana və gözəllik salonlarına ən azı pandemiya dövründə nəzarətin vacib olduğunu söyləyir: “Bərbərxana və gözəllik salonlarının xidmətlərinə tələbat günümüzdə böyükdür. Bu mərkəzlərin koronovirusun kəskin yayıldığı dövrdə bağlanması təsadüfi hal deyildi. Bu məkanlar insanların çox sıx təmasda olduğu yerlər sayılır. Ona görə də, onlayn növbə rejiminə əməl etmək mütləqdir. Həmçinin alətlərdən istifadə zamanı da gigiyenik tələblər qorunmalıdır. Bir müştəri üçün istifadə edilən dəsmal qəti şəkildə ikinci müştəriyə istifadə edilə bilməz. Kosmetoloji aparatların birdəfəlik istifadə edilən başlıqları xüsusi tibbi tullantı şəklində ayrı yığılmalı, zərərsizləşdirilməlidir. Dəyişdirilən başlıqlar isə mütləq dezinfeksiyaedici məhlullarda yuyulmalıdır. Bu tələblər hazırlanarkən həmin məkanların virusu yayma riski qiymətləndirilib. Ona görə də TƏBİB-in gözəllik salonları və bərbərxalanarla bağlı tələblərinə əməl etmək mütləqdir”.