BAKI, 7 may — Sputnik. İctimai yerlərdə, ictimai nəqliyyatda sıxlıq müşahidə olunur. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev məlumat verib. O, bildirib ki, vətəndaşlar sosial məsafəyə əməl etməlidirlər. Əks halda sərtləşmələr qaçılmaz olacaq: "Virusa yoluxmada artım olarsa sərtləşdirmələr də özünü sərnişindaşımada da göstrəcək. Xüsusi icazələrlə avtobusa sərnişinlərin minməsi, avtobuslarda oturacaq yerlərindən artıq sərnişin götürülməməsi kimi məhdudiyyətlər də tətbiq oluna bilər".
M. Ağayev bildirib ki, bir neçə gündür ki, ekspress xətlər üzrə 18 metrlik avtobuslar sərnişindaşımaya cəlb edilir. Onun sözlərinə görə, əgər aprelin 27-dən sonra sərnişin sayı 750-800 min arasında dəyişirdisə, mayın 4-dən sonra bu göstərici 1 milyonu keçib: " Artıq 40 gündən çoxdur ki, Bakı Nəqliyyat Agentliyinin bütün əməkdaşları səhər saat 06:00-dan 10:30-a və axşam saat 16:30-dan 20:30-a qədər avtobus dayancaqlarında, Koroğlu Nəqliyat Mübadilə Mərkəzində xidmət aparırlar. Xidmət zamanı sosial məsafənin gözlənilməsi, tibbi maska taxılmasının zəruriliyini əhalinin diqqətinə çatdırırlar. Pandemiyasının profilaktikasına dair metodiki göstərişlər hazırlanıb. Həmin metodiki göstərişlərin ictimai nəqliyyatla bağlı hissəsinin icrası çərçivəsində əlavə təşviqedici materiallar hazırlanır. Materialları nəqliyyat mərkəzlərində, dayanacaqlarda yerləşdirəcəyik ki, tibbi maska taxılmasının, sosial məsafə gözlənilməsinin zəruriliyini sərnişinlərin diqqətinə çatdıraq. Bu metodiki göstərişlərdə xüsusi ilə də piyada gəzməyin əhəmiyyəti ilə bağlı təşviqedici materiallar yerləşdiriləcək”.