BAKI, 6 may — Sputnik. İranda koronavirusa yoluxanların sayı bir gün ərzində 1680 nəfər artıb. Sputnik Azərbaycan xəbər verir ki, bunu İranın Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Kiyanuş Cahanpur bildirib.
"Son 24 saat ərzində koronavirusa 1680 yoluxma halı qeydə alınıb ki, bununla da ölkədə virusa yoluxanların sayı 101650-ə çatıb. Bir gün ərzində 78 nəfər virusdan ölüb, bununla da ölkədə koronavirusdan ölənlərin sayı 6418-ə çatıb", - deyə məlumatda bildirilib.
O həmçinin qeyd edib ki, virusa yoluxan 101650 şəxsdən 81587 nəfəri sağalıb.
Xatırladaq ki, SARS-CoV-2 koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3,6 milyonu keçib, 254 mindən çox adam isə virus səbəbilə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.