BAKI, 1 may — Sputnik. Yüksək etimada görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyevin təqdimatına əsasən Baş prokuror vəzifəsinə namizədliyi irəli sürülən Kamran Əliyev Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.
Azərbaycanın müstəqillik illərində çətin və şərəfli inkişaf yolu keçdiyini söyləyən Kamran Əliyev qeyd edib ki, ulu öndər Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində ölkəmiz ağır vəziyyətdən çıxaraq inkişaf yoluna qədəm qoyub. Prezident İlham Əliyevin həyata keçirdiyi mütərəqqi daxili və xarici siyasət nəticəsində bu gün Azərbaycan dünyada qabaqcıl mövqelərdən birini tutub.
Dünyanı bürüyən koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində görülən işlərdən bəhs edən K.Əliyev deyib: "Prezident İlham Əliyevin qətiyyətli qərarları ilə koronavirusla mübarizə istiqamətinə həyata keçirilən tədbirlər öz müsbət nəticəsini verir, əhali və sahibkarlıq subyektləri tam olaraq dövlət dəstəyi ilə əhatə olunur".
Qeyd edək ki, Milli Məclisin bu gün keçirilən iclasında "Azərbaycan Respublikasının Baş prokuroru vəzifəsinə təyin olunmasına razılıq verilməsi haqqında" məsələyə baxılıb.
Prezident İlham Əliyev Baş prokuror vəzifəsinə Azərbaycan Respublikası Baş Prokurorunun müavini, Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi, II dərəcəli dövlət ədliyyə müşaviri Kamran Əliyevin namizədliyini irəli sürüb.
Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.