BAKI, 28 aprel — Sputnik. Tələbatın azalması şəraitində xammalın saxlanması üçün kifayət qədər yeri olmayan Amerika şirkətləri öz neftlərini Strateji Neft Ehtiyatına (SPR) yığmağa başlayıblar.
Sputnik Azərbaycan "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu ay 1,1 milyon barel neft strateji ehtiyata gətirilib.
Məlumata görə, bu ayın əvvəlində ABŞ Energetika Nazirliyi bir neçə şirkətlə təxminən 23 milyon barel neftin saxlanması üçün yer icarəsinə dair müqavilələr bağlayıb.
Agentlik qeyd edir ki, neftin böyük bir hissəsi mayda və iyunda çatdırılacaq.
ABŞ şirkətləri və Energetika Nazirliyi arasında razılaşmalar son həftələrdə neftin qiymətinin kəskin düşməsi fonunda əldə edilib. Aprelin 20-də Amerikanın WTI neftinin qiyməti tarixdə ilk dəfə mənfi göstəriciyə düşüb. Belə ki, bir barel üçün -40,32 dollar qiymət qeydə alınıb. Bu neftə tələbatın zəif olması və ABŞ-da neft-qaz anbarlarının dolması ilə əlaqədar idi. Bundan sonra ABŞ Prezidenti Donald Tramp neft-qaz şirkətlərinə dəstək planının hazırlanmasını tapşırıb.