BAKI, 26 aprel – Sputnik. Aztəminatlı ailələrə dövlət dəstəyinin artırılması sahəsində aparılan işlərdən biri kimi, ünvanlı dövlət sosial yardım proqramının əhatə dairəsi də genişləndirilir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, aprelin 1-dən ünvanlı sosial yardımı alanların sayı 12 min ailə artaraq 82 minə çatıb.
Ünvanlı yardım alan ailə üzvlərinin sayı isə bu ay 50 min nəfər artıb və hazırda 340 min nəfərdir. Sosial yardımın hər ailəyə düşən orta aylıq məbləği də artmaqda davam edərək 222 manata çatıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi onu da nəzərə çatdırır ki, xüsusi karantin rejimi müddətində ünvanlı dövlət sosial yardımının təyin olunma müddəti bitən aztəminatlı ailələrə də dəstək göstərilib. Onlara bu yardımın verilməsi müddəti karantin rejimi başa çatdığı tarixdən sonrakı ayın 1-dək uzadılıb.