BAKI, 24 aprel — Sputnik. Bir qədər öncə xəbər verdiyimiz kimi, ABŞ-ın Energetika Nazirliyi Rusiya və Çinin nüvə texnologiyaları bazarlarından çıxarılması məqsədi daşıyan yeni strategiyanı dərc edib. Qurumun saytında qeyd edilir ki, Birləşmiş Ştatlar bu sahədə dünya lideri olmalıdır.
"Son nəticədə, ABŞ hökuməti hazırda Rusiya və Çinin dövlət şirkətlərinin üstünlük təşkil etdiyi bazarlara çıxacaq, nüvə energetikası sahəsində ən yaxşı texnologiyaların ixracında və eyni zamanda nüvə silahlarının yayılmamasının sərt standartları sahəsində dünya lideri kimi mövqeyimizi bərpa edəcək", – Prezident Donald Trampa təqdim edilmiş sənəddə bildirilir.
Energetika Nazirliyi həmçinin Moskva və Pekinə "bir sıra Şərqi Avropa və Afrika dövlətləri" ilə möhkəm münasibətlər yaratmağa mane olmağı təklif edir. Bundan başqa, strategiyanın müəllifləri ABŞ-ın Nüvə Tənzimlənməsi üzrə Komissiyasına "milli təhlükəsizliyin təmin edilməsi məqsədilə Rusiya və Çində istehsal edilən nüvə yanacağının idxalından imtina etmək" səlahiyyətini də vermək istəyirlər.
RİA Novosti qeyd edir ki, bu, "Rosatom" dövlət korporasiyasının "TVEL" yanacaq şirkətinə təsir edə bilər. Belə ki, "TVEL" özünün "TVS-Kvadrat" nüvə yanacağının təcrübi-sənaye istismarı üçün 2016-cı ildə Amerikanın atom elektrik stansiyası operatorlarından biri ilə ilk müqaviləsini imzalayıb.
Hərbi politoloq, G.V.Plexanov adına Rusiya İqtisad Universitetinin politologiya və sosiologiya kafedrasının müdiri Andrey Koşkin Sputnik radiosunun efirində ABŞ Energetika Nazirliyinin mövqeyini şərh edib.
"ABŞ bu gün planetin lideri olmaq ideyası üçün hər şeyi edir. O, nüvə texnologiyaları sahəsində Rusiya və Çini sıxışdırmağa çalışır. Amma başa düşmək lazımdır ki, bu gün bu cür bəyanatlar həqiqəti əks etdirmir", - Koşkin bildirib.
"ABŞ imkanları əldən verir və hər yerdə birinci ola bilmir. Bunu hətta koronavirus ilə mübarizənin nəticələrində də görürük – ABŞ başqa dövlətlər üçün nümunə deyil. Başqa sahələrdə də o, təşəbbüsü əldən verir. Lakin onun özünü dünyanın jandarmı kimi təsdiq etməyə hazır olduğunu göstərən sənədlər qalır. Rusiya da, Çin də yüksək texnologiya sahələrini kifayət qədər uğurla mənimsəyirlər, ABŞ onlara çata bilmir. Bu cür strategiyaları yazanlar təbliğat məqsədilə ABŞ-ın vaxtilə təkqütblü dünya rejimində olduğunu xatırlatmağa səy göstərirlər. Amma bu gün bu model dağılır", - Koşkin deyib.