Xalid Məmmədov, Sputnik Azərbaycan
BAKI, 23 aprel — Sputnik. "Vergi Məcəlləsinə dəyişikliklər paketi hazırlanıb və bütün dövlət qurumları ilə razılaşdırılıb". Sputnik Azərbaycan-ın məlumatına görə, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov ötən həftə keçirilən iclasda deyib.
Nazir bildirib ki, pandemiyanın bilavasitə təsir etdiyi fəaliyyət sahələri üzrə vergi ödəyicilərinə 1 yanvar 2021-ci ilədək olan dövr üzrə bir sıra vergi güzəştləri və vergi tətilləri təklif olunub: “Burada əmlak və torpaq vergiləri üzrə tam məbləğdə vergi güzəştlərinin verilməsi, əldə edilən mənfəətin, gəlirin 75 faiz miqdarında vergi güzəşti kimi, fiziki şəxslərdən daşınmaz əmlakın icarəsi üzrə ödəmə mənbəyində tutulan verginin dərəcələrinin 50 faiz, yəni, 14 faizdən 7 faizə endirilməsi, ictimai iaşə və ölkədaxili sərnişindaşıma fəaliyyəti üzrə sadələşdirilmiş vergi məbləğinə 50 faiz güzəştin verilməsi və digər tədbirlər. İkinci istiqamət, mikrosahibkarlıq subyektlərinə 2020-ci il yanvarın 1-dən 2021-ci il yanvarın 1-dək sadələşdirilmiş vergi üzrə 50 faiz vergi güzəştinin, yəni, 2 faiz dövriyyədən 1 faiz dövriyyəyə endirilməsi, həmçinin vergilərin, cari vergiödəmələrin hesablanması və ödənilməsi üzrə vergi tətillərinin verilməsi. Nəhayət, üçüncü istiqamət, bütün sahibkarlıq subyektlərinə şamil edilməsi proqnozlaşdırılır".
İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev Sputnik Azərbaycan-a açıqlamasında həmin vergi güzəştlərini şərh edib.
Ekspert bildirib ki, ardıcıl 12 aylıq dövrdə dövriyyəsi 200 min manatdan aşağı olan şəxslər sadələşdirilmiş vergi ödəyiciləridirlər: "Bu, hüquqi şəxs və yaxud fiziki şəxs ola bilər. Əldə etdiyi gəlirlərinin 30 faizinə qədərini elektron qaimə ilə ödəyənlər və əhaliyə mal və xidmət satanlar sadələşdirilmiş vergi rejimində olurlar. Biz bunlara daha çox mikrosahibkarlıq subyektləri deyirik. İndi mikrosahibkarlıq subyektlərinə bu ilin yanvarın 1-dən 2021-ci il yanvarın 1-dək sadələşdirilmiş vergi üzrə 50 faiz vergi güzəştinin, yəni, 2 faiz dövriyyədən 1 faiz dövriyyəyə endirilməsi nəzərdə tutulur. Bunlar dövriyyədən vergi verirlər. Məsələn, şəxsin dövriyyəsi 10 min manatdırsa, bunun 2 faizini, yəni 200 manatını vergiyə ödəyirdi. İndi bu, 1 faizə düşəcək, yəni 10 min manat dövriyyə varsa, şəxs 100 manat vergi ödəyəcək".
Vergi tətili məsələsinə toxunan ekspert bildirib ki, mikrosahibkarlıq subyektlərinə vergilərin, cari vergiödəmələrin hesablanması və ödənilməsi üzrə vergi tətillərinin verilməsi nəzərdə tutulur: "Məsələn, rüblük hesabatların, illik hesabatların verilməsinin vaxtı uzadılacaq. Hesabatların verilməsinin vaxtının uzadılması, vergilərin aşağı salınması və s. vergi tətilləri hesab olunur".
O bildirib ki, pandemiyanın bilavasitə təsir etdiyi fəaliyyət sahələri üzrə vergi ödəyicilərinə 2021-ci il yanvarın 1-dək olan dövr üzrə əmlak və torpaq vergiləri üzrə tam məbləğdə vergi güzəştlərinin verilməsi nəzərdə tutulur: "Bu güzəşt dövlət və bələdiyyədən götürülən torpaqlara aiddir. Məsələn, əkin sahəsi dövlətdən, bələdiyyədən icarəyə götürülübsə, şəxsin yerləşdiyi ofis dövlətin əmlakıdırsa, o cümlədən sənaye məhəllələrindəki yerlər gələn ilin yanvarın 1-dək icarə haqqından azad ediləcək. Digər bir misal olaraq, kimsə bələdiyyə və yaxud dövlət torpağını götürüb taxıl əkirsə, o ilin sonunadək icarə haqqı verməyəcək".
"İctimai iaşə və ölkədaxili sərnişindaşıma fəaliyyəti üzrə sadələşdirilmiş vergi məbləğinə 50 faiz güzəştin verilməsi də nəzərdə tutulur. Burada vergi 8 faizdir, indi bu 4 faizə düşəcək. Ümumiyyətlə, bu dəyişikliklər koronavirus pandemiyası dövründə biznesin fəallığını qoruyub saxlayır, biznesin tamamilə dayanmasının qabağını alır. Məqsəd odur ki, pandemiya dövründə biznes tam dayanmasın, ən azından minimum səviyyədə fəaliyyət göstərsin və pandemiya bitdikdən sonra qısa bir zamanda bərpa oluna bilsin", – deyə ekspert qeyd edib.