BAKI, 22 aprel - Sputnik, Teymur Tuşiyev. İtaliya futbolunun ulduzu Filippo İndzagi AVRO-2004 seçmələrində Azərbaycan yığmasına qarşı görüşdə komandasının baş məşqçisi Covanni Trappatonini necə aldatdığını yada salıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, Filippo İndzagi öz "Instagram"ında yığmanın digər keçmiş oyunçusu Kristiano Vyeri ilə keçirdiyi birgə onlayn yayımda 2003-cü ildə İtaliyada keçirilmiş Azərbaycan yığmasına qarşı oyunu yada salıb.
"Azərbaycan yığmasına qarşı oyunu yaxşı xatırlayıram. Trappatoni məni və Françesko Tottini komandaya çağırmışdı. İkimizə də rekord üçün bir neçə qol vurmaq lazım idi. Birinci hissənin sonunda başa düşdüm ki, mənim oyunum alınmır və məni əvəz edə bilərlər", - İndzagi yada salıb.
Futbolçu deyib ki, oyunun fasiləsində heyətdə qalmaq üçün yalana əl atmalı olub.
"Fasilədə Trappatoniyə yaxınlaşıb dedim ki, Vyerinin səhhətində problemlər var. 60-cı dəqiqədə sözlərimi bir daha baş məşqçinin yadına saldım. O da Vyerini əvəz etdi", - İndzagi əlavə edib.
Öz növbəsində Kristian Vyeri bildirib ki, meydançadan çıxanda yığmanın baş məşqçisinə plastik şüşə atıb.
"Trappatoni məndən bunu niyə etdiyimi soruşanda cavabında əvəz edilməyimə etirazımı bildirdim. Məşqçi cavab verdi ki, “Pippo sənin xəstə olduğunu dedi”, – Vyeri xatırlayıb.
İndzagi gülərək əlavə edib ki, həmin gün iki qol vurub.
Xatırladaq ki, həmin görüş 4:0 hesabı ilə italyanların xeyrinə başa çatıb. Qollardan ikisini Filippi İndzagi (23 və 86-cı dəqiqədə), birini Kristiano Vyeri (15), dördüncüsünü isə meydançaya Vyerinin əvəzinə çıxmış Marko Di Vayo (64) vurublar. Həmin təsnifat mərhələsində İtaliya 17 xalla qrupda birinci, Azərbaycan isə 4 xalla sonuncu yeri tutub.