BAKI, 14 aprel – Sputnik, Kəmalə Əliyeva. "Rossiya 1" telekanalının məşhur azərbaycanlı aparıcısı Nailə Əsgərzadə koronavirus pandemiyası ilə bağlı karantin bitirdikdən sonra ilk növbədə vətənə - Bakıya gəlmək niyyətindədir.
Sputnik Azərbaycan xəbər verir ki, aparıcı bu barədə özünün "Instagram" səhifəsində məlumat paylaşıb.
Əsgərzadə hələ mart ayının istirahət günlərində doğmalarını görmək üçün Bakıya gəlməyi planlaşdırıb. Lakin bunu edə bilməyib, çünki koronavirus pandemiyası üzündən Azərbaycanla Rusiya arasında sərhəd bağlanıb. İndi isə o, səbirsizliklə doğma torpaqlarına səfər edəcəyi günü gözləyir, baxmayaraq ki, bunun nə vaxt baş tutacağı hələ məlum deyil.
Посмотреть эту публикацию в Instagram
Əsgərzadə yazıb: "Bütün bunlar bitəndən sonra yenidən Bakıda olmağı arzulayıram”.
Sosial şəbəkənin bir çox istifadəçisi də Əsgərzadənin paylaşımının altında Bakıya uçmaq istədiyini qeyd edib. Bildirdiklərinə görə, kimi doğmalarını görmək istəyir, kimi də sadəcə şəhərimizə baxmaq arzusundadır.
Nailə Əsgərzadə uzun illərdir Rusiyada yaşayır. Hazırda "Rossiya 1" telekanalında “Deystvuyuşiye litsa” (Fəaliyyətdə olan şəxslər) verilişinin aparıcısıdır. Artıq üçüncü ildir efirə çıxan proqramın qəhrəmanları Rusiya biznesinin və siyasətinin əsas fiqurlarıdır. Milyonlarla insanın taleyinin asılı olduğu bu şəxslər verilişdə açıq şəkildə öz arzuları, qorxuları və boş vaxtlarında nə etdikləri barədə danışırlar.
Əsgərzadə 2018-ci ildə Rusiyanın "TEFİ-2018" televiziya mükafatının sahibi olub.