BAKI, 3 aprel — Sputnik. Bütün hüquqi və fiziki şəxslərin xüsusi karantin rejimində evdən çıxma qaydalarının təmin edilməsi ilə bağlı icazələr sistemi Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən təqdim edilib. Sputnik Azərbaycan xəbər verir ki, sistem "ASAN xidmət"in tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzi və Daxili İşlər Nazirliyi ilə birgə ərsəyə gəlib.
Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov sistemin istifadə qaydasından danışıb: "Sistemdən istifadə qaydaları ilə əlaqədar suallarla bağlı vətəndaşlar "ASAN xidmətin" 9108 Çağrı mərkəzinə müraciət edə biləcəklər. Bu gündən xüsusi karantin rejimində hərəkətinə icazə verilməsi üçün dövlət qurumları və özəl təşkilatların əməkdaşlarının məlumatlarının "icaze.e-gov.az" portalında yerləşdirilməsinə başlanılıb".
Qeyd edək ki, portal artıq saat 10:00-dan etibarən işə düşüb.
Belə ki, müvafiq dövlət qurumları və özəl hüquqi şəxslər əməkdaşları barədə, habelə müvafiq könüllülər təşkilatları könüllülər barədə məlumatları bu saatdan etibarən "icaze.e-gov.az"a daxil etməlidirlər.