BAKI, 30 mart — Sputnik. İnsanı viruslardan qoruyan N95 maskalarını bir dəfə istifadədən sonra yenidən istifadəyə yararlı etməyin iki metodu var. Sputnik Azərbaycan Amerika Mədə-Bağırsaq və Endoskopik Cərrahlar Cəmiyyətinin saytına istinadən xəbər verir ki, bu barədə N95 maskalarında istifadə olunan filtrasiya parçasının ixtiraçısı Doktor Peter Tsay (Peter Tsai) deyib.
Tsayın sözlərinə görə, birinci metod istifadə olunmuş respiratoru 3-4 gün quru havada saxlamaqdan ibarətdir. O bildirib ki, maska 3-4 gün quru havada saxlanılsa COVID-19 virusu onun üzərində qalmayacaq.
Lakin bu metod üçün dörd ədəd N95 maskası lazımdır.
"Dörd ədəd N95 maskasını götürün və onları nömrələyin (1-4). 1-ci gün 1 nömrəli maskadan istifadə edin, sonra isə onu 3-4 gün qurumağa qoyun. 2-ci gün 2 nömrəli maskadan istifadə edin, sonra isə onu 3-4 gün qurumağa qoyun. 3-cü və 4-cü günlər üçün də eyni şeyi edin", - təlimatda bildirilir.
Yəni 4 nömrəli maskadan istifadədən sonra 1 nömrəli maska yenidən istifadəyə yararlı olacaq.
Lakin qeyd edilir ki, N95 maskalarını havada qurudarkən onların üzərinə günəş işığı düşməməlidir, belə ki, günəş işığı polipropilen materialdakı elektrostatik yükləri zədələyir.
Tsayın sözlərinə görə, N95 maskasını sterilizasiya etməyin ikinci metodu onu sobada (metalla əlaqə olmadan) asaraq 30 dəqiqə 70C temperaturda saxlamaqdan ibarətdir. Belə ki, bəzi məlumatlara görə, COVID-19 virusu 65C temperaturda 30 dəqiqə qaldıqda ölür. Sterilizasiyanı həyata keçirmək üçün tənəffüs cihazını mətbəx sobasının içində taxta sancaq vasitəsilə asmaq olar.