CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hacı Osmanın onu yada salmayan yadigarı: yüz on səkkiz yaşlı binanın maraqlı karması

© Sputnik / Rahim MuradovAstaranın ilk təhsil ocağı
Astaranın ilk təhsil ocağı - Sputnik Azərbaycan
Abunə olmaq
Evdən-evə köçən, iki dəfə qərargaha çevrilən, tikdirən adamın nəvəsinin baş bəlası olan məktəbin bu il 118 yaşı tamam olur. Astaranın Pensər kəndində yerləşən bu təhsil ocağında, təəssüf ki, onun banisi olan şəxsin adına xatirə lövhəsi belə yoxdur

Rahim Muradov, Sputnik Azərbaycan

BAKI, 26 mart — Sputnik. XIX əsrin sonları - XX əsrin əvvəllərində xalqımızın imkanlı şəxslərinin oxumağa imkanı olmayan kasıb uşaqların təhsil almaları üçün maddi yardımlar etdiklərini çoxumuz bilirik. Belə xeyriyyəçilərdən biri də Astara rayonunun Butəsər, indiki Pensər kəndində yaşamış Hacı Osman olub.

© Sputnik / Rahim MuradovAstaranın ilk orta məktəbi
Hacı Osmanın onu yada salmayan yadigarı: yüz on səkkiz yaşlı binanın maraqlı karması - Sputnik Azərbaycan
Astaranın ilk orta məktəbi

Onun nəticəsi, Pensər kənd sakini İntizar Mürsəlovun Sputnik Azərbaycan-a bildirdiyinə əsasən, Hacı Osmanın şəxsi vəsaiti hesabına Astarada ilk orta məktəb məhz Butəsər (indiki Pensər) kəndində inşa edilib: "Kəndimizdə 1912-ci ildə açılan məktəbə rus-tatar məktəbi deyiblər. Dünyəvi elmləri tədris edən bu məktəbdən əvvəl isə kəndimizin məscidlərində mədrəsələr təşkil edilib və dövrlərinin ən məşhur din xadimləri uşaqlara dini dərslər öyrədiblər. Amma həmin alimlər təkcə Quran və islam dərsləri deyil, həm də əqaid və nücum elmini də öyrədiblər".

Astaranın ilk məktəbini inşa etdirən Hacı Osman özü İstanbulda təhsil alıb. Düzdür, bu haqda sənədlər qalmayıb, çünki onun bütün sənədləri yandırılıb. Nəticəsinin sözlərinə görə, Hacı Osman mədrəsə dərslərində bir növ yoxlama kimi oturaraq uşaqların bilik səviyyələrini və təhsil almaqlarını yoxlayarmış. Həmin mədrəsədə təhsil alanlardan biri də qonşu Çayoba kənd sakini Molla Rəhim Fətəli oğlu Şıxəliyev olub.

"Rəhmətlik Molla Rəhim bizə danışardı ki, Hacı Osman mədrəsədə təhsil alan uşaqları yaxşı oxumaqları üçün həvəsləndirərmiş. O, atası Hacı Teymurun dükanından yaxşı oxuyan uşaqlara müxtəlif şirniyyatlar hədiyyə edərmiş", - İntizar Mürsəlov deyir.

Hacı Osman Lənkərandakı dostları ilə daim tədris barədə məsləhətləşirmiş. Onun Bakıda da dostları çox imiş, onlardan biri xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev olub.

İ.Mürsəlovun sözlərinə görə, Hacı Zeynalabdinin həm də Hacı Osmanın atası Hacı Teymurla, Siyəkü kəndindən olan Hacı Şeyx Muhəmməd ilə də dostluğu olub: "Haşiyədən bir az kənara çıxaraq deyim ki, hər iki dostunun yaşadığı kəndlərdə məscidlərin tavanları üçün Hacı Zeynalabdin Tağıyev öz paraxodu ilə taxta göndərib.

Xülasə, Hacı Osman Bakıya, dostu Hacı Zeynalabdinin yanına məktəb açılması üçün məsləhət almağa gedir. Hacı Zeynalabdin də öz dostuna yerli kənd sakinlərinin adından Çar Qubernatorluğuna ərizələr toplamasını məsləhət görür: yəni ki, kənd camaatı özü kənddə məktəb tikilməsinə icazə verilməsini istəyir. Bütün ərizələri toplayandan sonra Hacı Osman yenidən Bakıya qayıdaraq ərizələri qurbernatora təqdim edir, məktəbin inşası üçün icazə əmrini alır. Bundan sonra o, kənddə dünyəvi elmləri tədris etməkdən ötrü müəllim tələb edir. Ulu babamın tələbinə uyğun olaraq Astarada dünyəvi elmləri uşaqlara tədris etmək üçün Bakıdan milliyyətcə rus olan Fyodr adlı müəllim göndərilir. Məktəb inşa edilməmişdən öncə yerli camaatla tanışlıq məqsədilə müəllim Butəsərə gəlir. Rus müəllimi görən kənd sakinləri də: "Biz rus dilini istəmirik, uşaqlarımız mədrəsədən ayrılar, kafir dilini öyrənərlər", - deyə etiraz edirlər".

© Sputnik / Rahim MuradovButəsər məktəbi ilk olaraq 2 illik təhsil sistemi ilə fəaliyyət göstərib
Hacı Osmanın onu yada salmayan yadigarı: yüz on səkkiz yaşlı binanın maraqlı karması - Sputnik Azərbaycan
Butəsər məktəbi ilk olaraq 2 illik təhsil sistemi ilə fəaliyyət göstərib

Hacı Osmanın nəticəsi qeyd edir ki, kənddə məktəbin binası hazır olana qədər məktəb başqa bir xeyriyyəçinin evində təşkil edilir: "Həmin vaxt Hacı Osmanın təklifi ilə dərslər Kolatan kəndində, dövrünün xeyriyyəçi və ağsaqqalı Kərbəlayi Bayraməli adlı bir kişinin evində təşkil edilir. Məktəbin hazırda yerləşdiyi binanın ərazisi o dövrdə Məşədi Kürsüm adlı bir xanımın şəxsi torpaq sahəsi olub. Hacı Osman həmin ərazi üçün pul təklif etsə də, Məşədi Kürsüm xanım öz torpaq sahəsini təmənnasız olaraq vəqf edir.

Daha sonra Hacı Osman atası Hacı Teymura məxsus kərpic kürəsində kəsilmiş kərpiclərlə məktəbi tikdirməyə başlayıb. Həmin kərpic kürəsinin qalıqları hazırda bizim həyətdədir. Məktəbin tikintisində, demək olar, bütün kənd sakinləri iştirak edərək kömək ediblər. Onun bünövrəsini təxminən 1,5-2 metr dərinlikdə qazaraq içərisinə qaya parçalarını döşəyib üzərinə palçıq töküblər. Məktəbin divarlarını hörərkən qum, kül və əhəng qarışığından hazırlanan məhluldan istifadə edilib. Binanın divarlarının qalınlığı 80-85 sm və hündürlüyü təxminən 4 metr olmaqla 4 sinif otağı inşa edilib. Hər iki otaq arasında da talışca “bexi” deyilən divar sobası quraşdırılıb. Yəni bir sinif otağında soba qalandıqda divarın o biri tərəfində olan sinif otağı da qızdırılırdı".

"Bildiyimiz kimi, məktəb əvvəlcə Kolatanda Kərbəlayi Bayramın evində fəaliyyət göstərirdi. Sonra isə məlum olmayan səbəbdən o, Butəsərdə (Pensər) Hacı Əmənulla Mahmud oğlunun qonaq evi kimi istifadə edilən ikimərtəbəli evinə köçürülür. Məktəbin binası hazır olana kimi bir neçə ay müddətində dərslər Hacı Əmənullanın evində keçirilir. Yeni tikilən məktəb binasında Fyodr bir neçə ay dərs dedikdən sonra onu Lənkərandan, səhv etmirəmsə, Nemət Axundov adlı Qori Müəllimlər Seminariyasını yeni bitirən müəllim əvəz edir", - İntizar Mürsəlov deyir.

Butəsər məktəbi ilk olaraq 2 illik təhsil sistemi ilə fəaliyyət göstərib. Sonra 4 illik təhsil sistemli məktəb olub. Ondan sonra SSRİ hakimiyyətinin ilk illərində isə "Şura zəhmətkeşləri məktəbi" də adlandırılıb: "1918-ci il mart qırğınları vaxtı məktəbin fəaliyyəti müvəqqəti dayandırılıb. Çünki məktəb Butəsərdə yerləşən Qafqaz İslam Ordusunun tərkibində Astaraya köməyə gələn Camal Yusuf Paşanın qərargahı edilmişdi. 1920-ci ildə bolşeviklərin kəndə hücumu vaxtı məktəbin dam örtüyü yandırılıb və fəaliyyəti bir müddət dayandırılıb. Məktəb müsadirə edilərək bolşeviklərin qərargahına çevrilib və 1922-ci ilə kimi, bəzi məlumatlara görə, hətta 1924-cü ilə kimi həmin binada məktəb fəaliyyət göstərməyib. Lakin məktəb gizlicə kənd sakini Həmid Şabanoğlu adlı şəxsin evinə köçürülüb və bir müddət dərslər orada deyilib. Artıq 1930-cu illərdən isə məktəbdə qızlar da təhsil almağa başlayıblar".

© Sputnik / Rahim MuradovPensər kənd sakini İntizar Mürsəlov
Hacı Osmanın onu yada salmayan yadigarı: yüz on səkkiz yaşlı binanın maraqlı karması - Sputnik Azərbaycan
Pensər kənd sakini İntizar Mürsəlov

"Məktəbi bitirən ilk tələbələrdən biri Hacı Ocmanın oğlu Şöyüb Mürsəlov olub ki, o da Qori Müəllimlər Seminariyasında təhsilini davam etdirib. 1930-cu illərə kimi Şöyüb Mürsəlov Astarada rayon mərkəzində olan, o vaxt "Daş məktəb" adlanan məktəbdə dərs deyib", -  İntizar Mürsəlov xatırlayır.

Çox maraqlıdır ki, təsadüfən İ.Mürsəlovun atası Sovet dönəmində həmin məktəbə direktor təyin edilib: "Atamın əmisi Əbdülkərim bir neçə il həmin məktəbdə dərs deyib. Rəhmətlik atam da bu məktəbdə təhsil alıb və Bakıda ali təhsilini bitirən kimi ilk olaraq Cəlilabad rayonu Astarxanbazar kəndində müəllim kimi fəaliyyətə başlayıb. Daha sonra rayonumuzun Hamoşam, sonra qonşu Şiyəkəran kəndində dərs deyib. 1963-cü ildə isə öz babasının tikdirdiyi məktəbə təyinat alıb və 1970-ci ilə kimi rus dili və ədəbiyyatı fənnindən dərs deyib. 1970-ci ildən 1974-cü ilə kimi isə məktəbə direktor təyin edilib. Atam məktəb direktoru işlədiyi dövrlərdə də dəfələrlə ondan "danos" məktubları yazardılar. Səbəb isə atamın Hacı Osmanın nəvəsi olması və Hacı Osmanın bolşeviklərlə mübarizədə şəhid olması idi. Gizli məktublarda yazılırdı ki, Sovet hökumətinə qarşı vuruşmuş bir qolçomağın nəvəsi məhz həmin məktəbdə necə direktor işləyə bilər? Məktəbin internat bölməsi də olub və guya atam internat üçün ayrılan ərzağı və geyimləri mənimsəyib evə gətirirmiş".

"Hazırda məktəbin quruluşunda dəyişiklik edilməyib, sadəcə, cari təmir işləri görülüb. Amma məktəbin Hacı Osman tərəfindən tikdirilməsi haqqında bir lövhəsi olması daha yaxşı olardı", - deyə İntizar Mürsəlov arzusunu dilə gətirir.

Xəbər lenti
0