BAKI, 16 mart — Sputnik. Azərbaycanda indiyə qədər koronavirus aşkarlanmayan 711 nəfər karantindən evə buraxılıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu bu gün Milli Məclisin Səhiyyə və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.
O qeyd edib ki, hazırda karantində 560 nəfər var: "Biz gün ərzində 5 mindən çox insanı sürətlə və yüksək dəqiqliklə test etmək imkanına malikik. Bu günə qədər 4200-ə qədər müayinə aparılıb. 25 nəfərdə koronavirus aşkarlanıb. Onlardan 7 nəfərdə inkubasiya dövrü bitib və sağalaraq evə buraxılıblar".
O bildirib ki, Azərbaycan koronavirusla mübarizə aparmaq üçün kifayət qədər dərman və tibbi ləvazimat ehtiyatlarına malikdir.