Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Ölməz sənətkar Bəşir Səfəroğlu - 95

© Photo : Azerbaijanfilm / Ulduz / 1964Фильм "Улдуз", кадр из фильма
Фильм Улдуз, кадр из фильма - Sputnik Azərbaycan
Abunə olmaq
Bəşir Səfəroğlu "Azərbaycanfilm"in istehsal etdiyi "Əhməd haradadır?" və "Ulduz" filmlərində Sərxoş və Gülümsərov, "Tacikfilm"in çəkdiyi "Xoca Nəsrəddinin 12 qəbri" kinolentində Xacə Nəsrəddin rollarını məharətlə ifa edib.

BAKI, 11 mart — Sputnik. Musiqili Komediya Teatrında ciddi yumorun mahir ifaçısı, satirik elementli personajların məharətlə öhdəsindən gələn Bəşir Səfəroğlu öz dövrünün dramaturq və bəstəkarlarının musiqili komediyalarında müxtəlif xarakterli rollarda çıxış edib.

Cəmi 44 il yaşamış Bəşir Səfəroğlu öz istedadı ilə adını kino tariximizə də qızıl hərflərlə yazdıra bilib.

Bəşir Səfəroğlu 11 mart 1925-ci ildə Bakıda dünaya göz açıb. Yeddi illik təhsilini Bakıda alan aktyor ailə vəziyyətinin ağırlığı ilə əlaqədar məktəbdən uzaqlaşmalı olub. On dörd yaşlarından şoferlər klubunun dram dərnəyinə gedib. Kiçik, birpərdəli məsxərə tamaşalarında rollar oynayıb.

Старинные фотокамера и фотографии - Sputnik Azərbaycan
CƏMİYYƏT
"Gilavar"ın sənətkarları mükafat qazandılar

1941-ci ilin axırlarında faşistlərlə müharibəyə yollanan sevimli aktyor 1942-ci ildə ordu sıralarından kontuziyalı qayıdıb. Dili tutulub və qulaqları çox ağır eşidib. Bir müddət fəhlə, yük maşınının sürücüsü işləyib. Rejissor Niyaz Şərifov ona məsləhət görüb ki, müntəzəm olaraq teatrın tamaşalarına gəlsin. Bir müddət sonra isə onu truppaya aktyor qəbul ediblər. Yaradıcılıq ehtirası aşıb-daşan Səfəroğlu deyilənə görə, yuxuda bərk həyəcanlanıb və bununla da dili açılıb. Həmin vaxtdan Bəşir Səfəroğlunun zəngin aktyorluq tarixçəsi başlayıb.

Bəşir Səfəroğlu Üzeyir və Zülfüqar Hacıbəyovun klassik operettalarında, əsasən isə çağdaş dramaturq və bəstəkarların musiqili komediyalarında müxtəlif xarakterli, satirik, yumoristik, məzhəkəli rollarda çıxış edib. Aktyorun yaradıcılığında xüsusi yer tutan əsas rolları Möhsün ("Beş manatlıq gəlin", dramaturq Məmməd Səid Ordubadi və bəstəkar Səid Rüstəmov), Qaradavoy və Çiko ("Keto və Kote", Vladimir Dolidze), Usta Məhərrəm, Qoçu Əsgər və Məşədi İbad ("Məşədi İbad", Üzeyir bəy Hacıbəyov), Uzun və Nəcəf ("Durna", Süleyman Rüstəm və Səid Rüstəmov), Qədir və Gülümsərov ("Ulduz", Sabit Rəhman və Süleyman Ələsgərov), Səlyanski və Qəhrəman ("Gözün aydın", Məhərrəm Əlizadə və Fikrət Əmirov), Ohan yüzbaşı və Hacı Qara ("Xəsis", Mirzə Fətəli Axundzadənin əsəri əsasında Şəmsi Bədəlbəylinin işləməsi. Bəstəkarlar Vasif Adıgözəlov və Ramiz Mustafayev), Kazbek ("Kəndimizin mahnısı", dramaturq Kərim Kərimov, şeirlərin müəllifi Ənvər Əlibəyli və bəstəkar Zakir Bağırov), Şulu, Muxtar bəy ("Əlli yaşında cavan" və "Evliykən subay", Zülfüqar bəy Hacıbəyov), Mir İsmayıl ("Qızıl axtaranlar", Həsən Seyidbəyli və Tofiq Quliyev), Baləmi ("Rəisin arvadı", Məhərrəm Əlizadə və Səid Rüstəmov), Qiya ("Tiflis nəğməsi", Levon Cubabiriya və Şota Milorava), Əli Dinməzov ("Bir dəqiqə", Məhərrəm Əlizadə və Hacı Xanməmmədov), Hacı Kərim ("Hacı Kərimin Aya səyahəti", dramaturqlar Qulamrza Cəmşidi ilə Əbülfəz Hüseyni və bəstəkar Azər Rzayev), Qoçu ("Keçmişin məişət səhnələri", Soltan Dadaşov və Vasif Adıgözəlov), Nadir və Azay ("Qızılgül", Məhərrəm Əlizadə və Soltan Hacıbəyov), Murtuzov, Dayandur, Polis rəisi ("Özümüz bilərik", "Olmadı elə, oldu belə" və "Milyonçunun dilənçi oğlu", Şıxəli Qurbanov və Süleyman Ələsgərov), Darçmov ("Səndən mənə yar olmaz", Məhərrəm Əlizadə və Əşrəf Abbasov), Firuzbala ("Altı qızın biri Pəri", Məhərrəm Əlizadə və Tofiq Bakıxanov ilə Nəriman Məmmədov), Səbrəli ("Bizə bircə xal lazımdır", Qulamrza Cəmşidi ilə Bəşir Səfəroğlu və Telman Hacıyev) və başqalarıdır.

Bəşir Səfəroğlu "Azərbaycanfilm"in istehsal etdiyi "Əhməd haradadır?" və "Ulduz" filmlərində Sərxoş və Gülümsərov, "Tacikfilm"in çəkdiyi "Xoca Nəsrəddinin 12 qəbri" kinolentində Xacə Nəsrəddin rollarını məharətlə ifa edib.

60-cı illərin ortalarında Azərbaycan Dövlət Filarmoniyasında "Gəlməli, görməli, gülməli" Miniatür Teatrda Xalq artisti Əliağa Ağayev, Əməkdar artist Müxlis Cənizadə, aktrisa Ofeliya Abbasova (Məmmədzadə) birlikdə onlarla satirik obraz yaradıb.

Rejissor Rauf Kazımovski görkəmli gülüş ustası Bəşir Səfəroğlu haqqında eyniadlı bədii-sənədli televiziya filmi çəkib.

Sənətkarın yubileyi ilə əlaqədar onun yolunu davam etdirən Xalq Artisti Afaq Bəşirqızı ilə əlaqə saxladıq. O, Sputnik Azərbaycan-a açıqlamasında bildirdi ki, yubileyin dövlət səviyyəsində qeyd olunmasını istəməyib: "Ölkədə bildiyimiz kimi, son dövrlərdə mühüm işlər görülür. Vətəndaşlıq borcumdur ki, Bəşir Səfəroğlunun yubileyini ailə daxilində keçirim. Hazırda da kinostudiyadan, Tacikistandan gələn qonaqlarla, həmçinin öz sənət dostlarımla birlikdə qeyd edirik. İnşallah sənətkarın 100 illiyini daha geniş, daha təntənəli şəkildə keçirəcəyik. Onunla bağlı ürəyimdəki bütün arzular 100 illikdə gerçəkləşəcək".

Qeyd edək ki, sənət uğurlarına görə 29 iyun 1964-cü ildə Bəşir Səfəroğluna Azərbaycan Respublikasının Əməkdar artisti, 25 iyun 1968-ci ildə Xalq artisti fəxri adları verilib. Şöhrətli sənətkar Bəşir Səfəroğlu Bakıda 44 yaşında dünyasını dəyişib və Fəxri Xiyabanda dəfn olunub. İki övlad atası olan Bəşir Səfəroğlunun sənəti daim yüksək qiymətləndirilib. Onun ölməz sənət yolunu bu gün qızı, Azərbaycanın Xalq artisti Afaq Bəşirqızı uğurla davam etdirir.

Xəbər lenti
0