Leyla Abdullayeva, Şahpəri Abbasova, Sputnik Azərbaycan
BAKI, 10 mart — Sputnik. Dünyanın əksər ölkəsinin qapısını döyən koronavirus təhlükəsi həm paytaxtda, həm də bölgələrimizdə hiss olunmaqdadır. Bəs görəsən, bəşəriyyəti lərzəyə salan bu virusla mübarizə bölgələrimizdə necə aparılır?
Sputnik Azərbaycan öncə Siyəzən, Şabran və Xaçmazda apteklərdəki vəziyyətlə tanış olmağa çalışıb. Qeyd edək ki, apteklərdə dayanıb müşahidə apardığımız zaman hər 10 insandan 8-i maska və spirt üçün müraciət edirdi. Aptekə maska almağa gələn Elnur Mehdiyev adlı Şabran sakininin fikirlərini öyrənirik. O, maskanı özü üçün aldığını bildirir: "Bu virusun Azərbaycanda olduğu xəbərini eşidəndən qabaqlayıcı tədbirlərimi gördüm. Çünki bir çox insanlar və əşyalarla təmasda oluram. Hər an bu xəstəliyə yoluxacağımdan ehtiyat edirəm. Hər kəsə də ehtiyatlı olmağı tövsiyə edirəm".
Başqa bir Siyəzən sakini Aytən Süleymanova apteklərdə maska və spirtin qıtlığı ilə bağlı Sputnik Azərbaycan-a narazılığını bildirir: "Heç bir aptekdən bunları tapa bilmirik. Bəzi apteklərdə olanda da 30 qəpiklik maskanı insanlara 1,2-1,5 manata verirlər. "İnsaf da dinin yarısıdır" deyilib, bəs ehtiyac olan zaman qiymətləri 4-5 qat qaldırmaq nəyə lazımdır axı?"
Əczaçılar da nümunəvi tibb işçiləri kimi maskadan istifadə edirlər. Şabran rayonunda aptekdə çalışan əczaçı Arzu Fətullayeva ilə insanların müraciətləri haqda müzakirələr aparırıq. Maska və spirtlərin tez-tez bitməsinin səbəbini öyrənməyə çalışırıq. O isə önləyici əşyaların satışında qıtlığın yaranmasının səbəbinin onlardan asılı olmadığını deyir: "Bir neçə gündür, bizə də maskaların verilməsində problemlər yaranıb. Paytaxt depolarından maskalara norma qoyulub və həmin normaya uyğun verilir. Bəzən insanlara "yoxdur" cavabı veriləndə qəzəblənirlər. Biz onları başa düşürük, ehtiyat edirlər. Amma onlar da bizi başa düşməlidirlər ki, əlimizdə nə varsa onu veririk, yəni bizə nə qədər ayrılıbsa, o qədərini sata bilirik".
"Bəzi apteklərdə maskaları əvvəlki qiymətindən 3-4 qat baha satırlar. Bu, düzgün hal deyil. Çünki əhalinin kasıb təbəqəsini də anlamaq lazımdır. Məncə, bununla bağlı Səhiyyə Nazirliyi reydlər keçirməli və həmin apteklər nəzarətə götürülməlidir", - əczaçı xanım əlavə edir.
Koronavirusla bağlı sorğunu Qax rayonunda da apardıq. Burada da önləyici tədbirlər görülür. Qax rayon Təhsil Şöbəsindən Sputnik Azərbaycan-a bildirildi ki, rayon ərazisində yerləşən bütün məktəblərdə dezinfeksiya işləri aparılıb. İctimaiyyətlə əlaqələr üzrə məsul şəxs Günay Mahmudova bildirdi ki, Qaxda artıq dezinfeksiya işi aparılmayan məktəb qalmayıb: "Qax rayonunun ümumtəhsil müəssisələrində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər davam etdirilir. Rayonda 53 ümumtəhsil müəssisəsi və 2 məktəbdənkənar müəssisədə işlər tam olaraq başa çatdırılıb. Hətta şəhər məktəbləri və bəzi kənd məktəbləri fevral ayında dezinfeksiya edilmişdi, onlar da yenidən dezinfeksiya olunub. Qeyd edək ki, daha əvvəl rayonun 11 məktəbində dezinfeksiya işi aparılıb. Martın 6-da daha 35 məktəb, 7-də isə fevralda dezinfeksiya edilən 4 məktəb yenidən xüsusi vasitələrlə təmizlənib. Nəticədə tədbir rayonun bütün ümumtəhsil müəssisələrini əhatə edib".
Rayonda yerləşən apteklərlə də əlaqə saxladıq. Əczaçı Gülcöhrə Əliyeva bildiridi ki, spirt və maskanı maksimum 5 ədəd sata bilərlər: "Maskanın qiyməti 20, spirt isə 60 qəpikdir. Artıq qiymətə sata bilmərik. Spirt, maska almaq istəyənlər maksimum 5 dənə ala bilərlər. Bilirsiz ki, bəzi insanlar bu vəziyyətdən faydalanmağa çalışırlar. Bizdən ucuz qiymətə alıb, başqa yerdə baha qiymətə sata bilərlər. Bu kimi halların baş verməməsi üçün bizə qəti tapşırıq verilib".
Rayon sakini Vəfadar Abdullayev isə hesab edir ki, yaşadıqları bölgənin mətbəxi koronavirusa meydan oxuya bilər: "Bölgəmizin yeməkləri yüksək kalorilidir. Bundan başqa, yeməklərimizin əksəriyyəti sarımsaqlı olur. Sarımsaq da virusun düşmənidir. Bundan başqa, bölgəmizdə qış aylarında xəlyar bitir, hansı ki o bitkiyə yalnız bu bölgədə rast gəlinir. Həmin bitki də bütün virusların düşmənidir".
Zaqatala rayon sakini Şəhmir Ramazanov düşünür ki, rayon yerlərində virusa yoluxma ehtimalı şəhər əhalisinə nibətən daha azdır:
"Rayon əhalisi daha çox açıq havada gəzir. Üstəlik, böyük şəhərlərdə insanlar daha sıx yaşadığından virusa daha tez yoluxa bilərlər. Başqa bir səbəb də Azərbaycanın şimal-qərb bölgəsinin əhalisinin digər rayonlara nisbətən daha çox içkidən istifadə etməsidir. Razılaşaq ki, digər bölgələrə nisbətən bizim camaat içkiyə daha çox meyllidir".
Balakən rayon sakini Xalidə Bayramova isə insanları diqqətli, şəfqətli olmağa çağırır: "Bu yaxınlarda qatarla Bakıya getməli oldum. Özümlə spirt və maska götürdüm. Qatardakı yol yoldaşlarımla da spirti bölüşdüm. Bu məsələyə ciddi yanaşmaq lazımdır. Çalışaq, özümüzü qoruyaq".