Rahim Muradov, Sputnik Azərbaycan
BAKI, 6 mart — Sputnik. Şəhid sərhədçimiz 1996-cı il təvəllüdlü Orxan Nazim oğlu Paşazadənin cənazəsi doğulduğu Cəlilabad rayonu Cəfərxanlı kəndinə gətirilərək dəfn edilib.
Sputnik Azərbaycan bildirir ki, dəfn mərasimində Dövlət Sərhəd Xidmətinin nümayəndələri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad Rayon Şöbəsinin, Cəlilabad Rayon İcra Hakimiyyətinin əməkdaşları, şəhidin doğmaları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Dəfn mərasimində şəhid Orxan Nazim oğlu Paşazadənin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların ruhlarına fatihə oxunub və səhidin doğmalarına başsağlığı verilib.
Şəhidin şərəfinə düzülən fəxri qaravul dəstəsi tərəfindən 3 dəfə havaya yaylım atəşi açılıb. Paşazadə ölümündən sonra "Vətənə xidmətə görə" 3-cü dərəcəli medala layiq görülüb. Şəhidin tabutu üzərində olan üçrəngli bayrağımız və layiq görüldüyü medal atası Nazim Paşazadəyə təqdim edilib.
Xatırladaq ki, ötən gün axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədindəki təmas xəttində atəşkəs rejimi kobud surətdə pozulub. Düşmən snayperi tərəfindən açılan atəş nəticəsində Qazax rayonunun Quşçu Ayrım kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsində xidmətdə olan sərhədçi əsgər Paşazadə Orxan Nazim oğlu yaralanıb. O, dərhal Qazax Müalicə Diaqnostika Mərkəzinə çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.