Xalid Məmmədov, Sputnik Azərbaycan
BAKI, 6 mart — Sputnik. "Son vaxtlar bazarda sarımsağın qiymətində bahalaşma müşahidə olunur və buna üç faktor təsir edir. Birincisi koronavirusa görə ajiotajın yaranmasıdır və sosial mediada bunun piarı gedir ki, sarımsaq yeyərək özünüzü qoruyun. Ajiotaj fonunda böyük tələbat yaranıb və insanlar sarımsağı kilo ilə almağa başlayıblar".
Bunu Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin şöbə müdiri Nicat Nəsirli Sputnik Azərbaycan-a sarımsağın qiymətinin bahalaşmasından danışarkən deyib.
Onun sözlərinə görə, ikinci faktor bayram ərəfəsinin olmasıdır:
"Süni qiymət artımına cəhdlər var. Belə ki, əksər kənd təsərrüfatı məhsullarında bahalaşma müşahidə edilir və ən çox bahalaşan elə sarımsaqdır. Üçüncü faktor ixtisaslaşmış soyuducu anbarların olmamasıdır. Azərbaycanda kənd təsərrüfatı məhsullarının saxlanma infrastrukturu şaxələnməyib. Elə tərəvəz məhsulları var ki, onun saxlanması xüsusi temperatur, xüsusi rejim tələb edir. Məsələn, sarımsaq, soğan adi yerdə saxlana bilməz. İxtisaslaşmış soyuducu anbarlar olmadığına görə bu məhsulların saxlanmasında itkilər var.
Əgər ixtisaslaşmış soyuducu anbarları olsa idi, istehsal edilən 39 min ton sarımsağın elə yarısını bu anbarlara yığa bilsəydik, bu gün bazara müdaxilə etmək və qiyməti stabilləşdirmək olardı".
Onun sözlərinə görə, son 5 ilin təhlili göstərir ki, Azərbaycanda sarımsaq əkini və ixracı genişlənir: "2017-2018-ci illərdə cəmi 700 ton sarımsaq Azərbaycandan Rusiyaya ixrac edilibsə, 2019-cu ildə bu rəqəm 1700 tona çatıb. Azərbaycanda sarımsaq ixracının genişlənməsinin əsas səbəbi əlverişsiz iqlim şərtlərinə görə Şərqi Avropa, Cənubi Amerika ölkələrində, Rusiyada tərəvəz əkinlərində məhsuldarlıqda ciddi geriləmənin olmasıdır. Ona görə də dünya bazarında sarımsağa tələbat yaranıb".
"Keçən il Azərbaycanda 39 min ton sarımsaq istehsal edilib və bu, son 10 ilin rekord göstəricisidir. 2019-cu ildə İrandan, Çindən və Türkiyədən ölkəmizə cəmi 310 ton sarımsaq idxal edilib, yəni ümumi istehsal fonunda idxal çox cüzidir. Bunu da böyük ehtimalla konserv məhsulları hazırlamaq üçün emal müəssisələri ölkəyə gətirib", - deyə o qeyd edib.
Onun fikrincə, Novruz bayramına qədər sarımsağın qiymətində ucuzlaşma gözlənilmir: "Hazırda sarımsağın kiloqramı 15-16 manatdır. Hətta bəzi bazarlarda satıcılar sarımsağı kiloqram ilə satmaqdan imtina ediblər, dənə ilə satırlar. Bir baş sarımsaq 1 manata, 1 manat 20 qəpiyə satılır. Sarımsaq cəmi 3 ay əkilən bir tərəvəzdir, hektarına 600-650 manat xərc gedir və 1 hektardan 10-11 ton məhsul yığılır.
Bu gün sarımsağın ətdən baha satılması məntiqsizlikdir və burada hökmən süni qiymət artımı var. Dünyada çox az olub ki, tərəvəz ətin qiymətindən baha olub. Çünki heç bir tərəvəz növü maya dəyərinə görə ətdən qabağa keçə bilməz. Hətta toyuq əti ilə müqayisə edəndə sarımsaq 4 dəfə baha satılır. Bu, insafsızlıqdır. Amma bayramdan sonra tələbat aşağı düşəcəyinə görə sarımsağın qiyməti stabilləşəcək".
Onu da qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2019-cu ildə təkcə istixanalarda 1,7 ton sarımsaq istehsal edilib.