BAKI, 3 mart — Sputnik. Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumilikdə 3 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, Biləsuvar RPŞ-nin əməkdaşlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayonun Xırmandalı kəndi ərazisində Quba rayon sakini, əvvəllər məhkum olunmuş Aydın Rüstəmov və Şamaxı rayon sakini Natiq Mehdiyev sonuncunun idarə etdiyi "Kia Rio" markalı avtomobildə saxlanılıb və onlardan 2 kiloqram 810 qram psixotrop maddə metamfetamin, 351 qram narkotik vasitə heroin aşkarlanaraq götürülüb.
Saxlanılan şəxslərdən A.Rüstəmov qeyd olunan psixotrop maddə və narkotik vasitəni "Baba" adlı İran vətəndaşının vasitəsilə ölkə ərazisinə gətirtdiyini və hazırda Bakı şəhərində yaşayan Cəlilabad sakini, "Baron Seyid" ləqəbli Elsevər Salmanlıya çatdırmalı olduğunu bildirib. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində E.Salmanlı Bakı şəhər Yasamal rayonu ərazisində saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı Biləsuvar RPŞ-də araşdırma aparılır.