BAKI, 2 mart — Sputnik. "Dünən güclü külək nəticəsində 3 ağac kökündən qopub, 7-8 ağacın isə budaqları qırılıb".
Bu barədə Sputnik Azərbaycan-a Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov bildirib.
O, qeyd edib ki, hazırda əsən güclü külək ağacların aşma ehtimalını artırır.
O. Məmmədovun sözlərinə görə, ağaclara daha çox Binəqədi, Nərimanov və Yasamal rayonlarında zərər dəyib.
"Hazırda yağışla birgə güclü külək olduğu üçün torpaq qatı yumşalır. Torpaq qatının yumşalması ağacların kökündən çıxmasına səbəb olur. Bu səbəbdən vətəndaşları diqqətli olmalı və avtomobillərini ağacların altında saxlamamalıdırlar. Özləri də ağacların altından keçən zaman diqqətli olsunlar" – deyə O. Məmmədov bildirib.