BAKI, 2 mart — Sputnik. Çində koronavirusun yeni ştammına yoluxanların sayı 80 min 26-ya çatıb.
Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Gigiyena və Səhiyyə məsələləri üzrə Dövlət Komitəsinin məlumatında deyilir.
Məlumata görə, koronavirusa yoluxanlardan 2 914-ü ölüb, 44 462 nəfər isə sağalıb.
Bu arada ABŞ öz ərazisində koronavirusdan ikinci ölüm faktı barədə xəbər verib. RİA Novosti isə xəbər verir ki, 978 nəfərin koronavirusa yoluxduğu İranda artıq 54 nəfər bu xəstəlikdən dünyasını dəyişib. Bu arada Qətər koronavirusla mübarizədə İrana öz yardımını təklif edib.
Avropada koronavirusdan ən çox zərər görmüş İtaliyada isə xəstəliyə yoluxmuşların sayı artmaqdadır. "The Local" saytı xəbər verir ki, İtaliyada xəstələrin sayı 1700-ə çatıb, 34 nəfər dünyasını dəyişib. Almaniyada isə təsdiqlənmiş yoluxma hallarının sayı 129-a çatıb.
RİA Novosti xəbər verir ki, koronavirus Cənubi Koreyada artıq 26 nəfərin ölümünə səbəb olub.
Qeyd edək ki, koronavirusa yoluxma halları həmçinin Misir, Meksika, İsrail və Ekvadorda qeydə alınıb.
Çin hökuməti 2019-cu il dekabrın 31-də Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) Hubey əyalətinin Uhan şəhərində naməlum sətəlcəm xəstəliyinin yayılması barədə məlumatlandırıb. Mütəxəssislər xəstəliyin törədicisinin yeni növ koronavirus olduğunu müəyyən ediblər.
ÜST bu xəstəliyin yayılmasını beynəlxalq əhəmiyyətli fövqəladə hal kimi tanıyıb.
Yeni növ koronavirusun yaratdığı xəstəlik hazırda "COVID-19" ("CO" – korona, "VI" – virus, "D" – xəstəlik (ingiliscə – disease), "19" – yaranma ili) adlanır.