“Ötən 2019-cu ildə “AzerGold” QSC tam gücü ilə çalışaraq maksimal nailiyyətlər əldə edib”. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov açıqlayıb.
“Hasilat, ixrac, geoloji kəşfiyyat və digər sahələrdə işlər plana uyğun, bəzi sahələr üzrə plandan daha artıq yerinə yetirilib. Rəqəmlərlə ifadə etsək, ötən ildə 2018-ci il ilə müqayisədə qızıl hasilatında 21,3%, gümüş hasilatında isə 33,2% artım qeydə alınıb. Məlumat üçün bildirim ki, 2019-cu ilin hasilat rəqəmləri "Çovdar" mədəninin fəaliyyəti dövründə qeydə alınan rekord göstəricidir. 2019-cu ildə 57 min unsiya saf qızıl Azərbaycan Respublikasının Dövlət Neft Fonduna satışı həyata keçirilib. “AzerGold” QSC tərəfindən hasil edilən metalların dünya bazarlarında ixracı ilə yanaşı, ölkənin qızıl ehtiyatlarının Azərbaycan qızılı hesabına da formalaşması işinin təşkili istiqamətində Cəmiyyət tərəfindən hasil olunan qızılın Azərbaycan Respublikasının Dövlət Neft Fondu tərəfindən alışı təşkil edilib. Bu, satışın ümumi həcminin 95%-ni təşkil edir”, – deyə Z.İbrahimov bildirib.
Zakir İbrahimovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz