Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 28 fevral — Sputnik. İrandan Gürcüstana Azərbaycandan keçməklə gedən Gürcüstan vətəndaşında dünyanı xofa salan koronavirusun aşkarlanması, İran və Azərbaycan arasında nəzarətsiz taksi xidməti problemini yenidən aktuallaşdırıb. Sirr deyil ki, Azərbaycandan İrana, yaxud da əks istiqamətə gedib-gələnlərin əksəriyyəti taksi fəaliyyəti göstərən minik avtomobillərindən istifadə edir. Elə koronavirusa yoluxduğu deyilən Gürcüstan vətəndaşı da bu tip fəaliyyət göstərən taksilərdən biri ilə ölkəmizə gəlib.
Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Gürcüstana keçən 50 yaşlı həmin şəxs Azərbaycan ərazisində hər hansı müntəzəm marşrut xəttindən istifadə etməyib. Koronavirusa yoluxduğu deyilən şəxs İrandan Azərbaycana sərnişindaşıma xidməti göstərən mikroavtobusla gəlib. Həmin mikroavtobus isə İran vətəndaşına məxsus olub.
Amma məlumdur ki, Azərbaycan vətəndaşları arasında da İrana öz şəxsi avtomobilləri ilə sərnişin daşıyan şəxslərin sayı az deyil. Bakı Beynəlxalq Avtovağzalından İrana sərnişin daşıyan avtobusların salonu dezinfeksiya olunduğu halda, qanunsuz beynəlxalq sərnişindaşıma ilə məşğul olan taksilərdə heç bir önləyici tədbir həyata keçirilmir.
Qeyd edək ki, beynəlxalq sərnişin daşıyan nəqliyyat vasitələrinin buna rəsmi icazə sənədi olmalıdır. Hətta minik avtomobillərindən taksi fəaliyyəti göstərərək xarici ölkəyə sərnişin daşınırsa, həmin sürücünün beynəlxalq sərnişindaşımaya rəsmi icazə sənədi olmalıdır. Əgər bu sənəd yoxdursa, deməli sərnişin beynəlxalq sərnişindaşıma fəaliyyəti göstərə bilməz.
Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, təkcə koronavirus təhlükəsinə görə deyil, mütəmadi olaraq qanunsuz sərnişindaşıma fəaliyyəti ilə məşğul olanlara qarşı mübarizə aparılır. Amma K.Əliyev pərakəndə şəkildə taksi fəaliyyəti ilə məşğul olanların aşkarlanmasının bir qədər çətin olduğunu söyləyib. O, bildirib ki, İrana sərnişin daşıyan taksilərin sərnişin daşıdığını yolda onları saxlamaqla müəyyən etmək mümkün deyil: "Hətta avtomobilin içərisindəkilərin sərnişin olduğuna şübhə yarandıqda belə, onlar həmin şəxslərin qohum, qonşu, yaxud da tanış olduğunu bildirirlər. Müxtəlif ölkələrə sərnişin daşıyan avtomobillərin qanunsuz fəaliyyətini əsasən onlar sərnişinləri avtovağzallardan apardıqları zaman müəyyən etmək mümkündür. Çünki bu fəaliyyət növü ilə məşğul olanlar, əsasən müştəri yığmaq üçün avtovağzalların ətrafında gözləyirlər".
Azərbaycandan İrana sərnişin daşıyan taksi sürücüləri doğrudan da sərnişin apardıqlarını gizlədirlər. Onlar apardıqları şəxsləri öz qohumları, tanışları kimi təqdim edirlər.
Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Epidemiologiya şöbəsinin direktor müavini Afaq Əliyeva Sputnik Azərbaycan-a bildirib ki, koronovirusun yayıldığı ölkəyə qanunsuz sərnişin daşıyanlara nəzarət xüsusi qaydada aparılmalıdır: "Sözsüz ki, İrana sərnişin daşıyan minik avtomobilləri də digər avtomobillər kimi gömrükdə dezinfeksiya olunur. Amma nəzərə almaq lazımdır ki, bəzi avtomobillər qanunsuz taksi xidməti göstərir. Deməli həmin sürücülər hər gün müxtəlif insanlarla ünsiyyətdə olurlar. Onların bu virusu yayma ehtimalı daha güclüdür. Elə ona görə də, artıq İrandan gələn hər bir şəxs karantin müddətində xəstəxanada saxlanılır. Buraya taksi fəaliyyəti ilə məşğul olan sürücülər də daxildir".