BAKI, 25 fevral — Sputnik. Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Səbail rayonunda, Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizə düşməsi barədə məlumat daxil olub.
Sputnik Azərbaycan FHN-in saytına istinadla xəbər verir ki, hadisə yerinə Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.
“Report”un xəbərinə görə, Sabirabad rayon sakini, 1994-cü il təvəllüdlü Günel Rzayeva özünü Dəniz Vağzalının yaxınlığında Xəzər Dənizinə ataraq intihar edib.
Daha sonra onu xilas etmək istəyən həmyerlisi və sevgilisi, 1995-ci il təvəllüdlü Balahüseyn Məmmədov da özünü dənizə tullayıb. B.Məmmədov Dənizkənarı Bulvar İdarəsinin əməkdaşları tərəfindən xilas edilib.
Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsi, Fövqəladə Hallar Nazirliyi (FHN) əməkdaşlarının iştirakı ilə Səbail rayon Prokurorluğu tərəfindən hadisə yerinə baxış keçirilib, zəruri tədbirlər yerinə yetirilib. G.Rzayevanın meyitinin FHN əməkdaşları tərəfindən axtarışı mümkün olmayıb. B.Məmmədovun vəziyyəti isə hazırda kafidir.
Faktla bağlı Cinayət Məclləsinin 125-ci maddəsi ilə cinayət işi başlanılıb.