BAKI, 20 fevral — Sputnik. "Gələcəkdə səhiyyə işçilərinin əməyinin keyfiyyət göstəricisinə görə qiymətləndirilməsi nəzərdə tutulur". Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə bu gün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Yeni Azərbaycan Partiyasının İcra Katibliyində keçirilən mətbuat konfransında məlumat verib.
O bildirib ki, hazırda tibb müəssisələrinin mühasibatlıq və maliyyə şöbələri bonus və əlavələrin hesablanması üzərində çalışırlar: "Cari ilin fevral ayının 15-dək icbari tibbi sığortanın tətbiq edildiyi 23 regiondakı tibb müəssisələrinə 381 482 nəfər 607 063 müraciət edib. Bu müraciətlər üzrə 1 321 592 tibbi xidmət göstərilib. Ən çox vətəndaşın müraciət etdiyi regionlar Mingəçevir (76 992), Yevlax (48 325), Xaçmaz (43 030), Şəki (42 896) və Qəbələdir (42 874). Ən çox tibbi xidmət göstərən tibb müəssisələri Mingəçevir şəhər Mərkəzi Xəstəxanası (244 747), Yevlax rayon Mərkəzi Xəstəxanası (108 376), Ağdaş rayon Mərkəzi Xəstəxanası (92 151), Xaçmaz rayon Mərkəzi Xəstəxanası (72 757) və Şəki rayon Mərkəzi Xəstəxanasıdır (84 350).
Z.Əliyev bildirib ki, tibb müəssisələrinin resurslarından və kadr potensialından səmərəli istifadəni təmin etmək, fəaliyyətlərini optimallaşdırmaq və əhalinin müxtəlif növ tibbi yardıma əlçatanlığını təmin etmək məqsədilə respublikanın inzibati ərazi vahidləri üzrə tibbi ərazi bölmələri yaradılıb. Hazırda icbari tibbi sığortanın tətbiqi 5 tibbi ərazi bölməsini əhatə edir: "Həmin tibbi ərazi bölmələri üzrə müraciət sayına gəldikdə, deyə bilərəm ki, fevralın 15-dək ən çox Şəki – Zaqatala tibbi ərazi bölməsinə müraciət edilib. Şəki – Zaqatala üzrə 169 204, Bərdə – Yevlax üzrə 149 683, Quba – Xaçmaz üzrə 124 350, Göyçay – Kürdəmir üzrə 83 562 və Dağlıq Şirvan üzrə 80 264 müraciət qeydə alınıb. Ən çox müraciət edilən xəstəliklərə gəldikdə, Z.Əliyev deyib ki, fevralın 15-dək müraciətlərin böyük əksəriyyəti yuxarı tənəffüs yollarının dəqiqləşdirilməmiş kəskin infeksiyası xəstəliyi ilə bağlı olub. Bu xəstəlik üzrə 12 182 müraciət qeydə alınıb. Ən çox müraciət edilən xəstəliklər sırasında ümumi tibbi baxış (7189), yüksək qan təzyiqi (6215), digər ümumi baxışlar (5372), insulindən asılı olmayan şəkərli diabet (5231) və s. xəstəliklər yer alır. Yanvar ayı ərzində ümumilikdə 242 nəfər həyati vacib-dəyəri yüksək olan əməliyyatlardan yararlanıb. Bahalı əməliyyatlar arasında, koronar damarlara stentlərin tətbiqi (76 əməliyyat), kardiologiya/ürək-damar cərrahiyyəsi (60 əməliyyat), oftalmologiya (42 əməliyyat), urologiya (24 əməliyyat), nevrologiya/neyrocərrahiyyə (23 əməliyyat) üzrə əməliyyatlar çoxluq təşkil edir.
Agentlik sədrinin sözlərinə görə, görülən tədbirlərdən biri də səhiyyə işçilərinin əməkhaqlarına tətbiq edilən əlavələrlə bağlıdır. Yeni Qaydaya əsasən, tibb işçisinin əməkhaqqına tutduğu vəzifədən, stajından və xidməti fəaliyyətinin qiymətləndirilməsindən asılı olaraq müəyyən edilən vəzifə (tarif) maaşı, əmək şəraitinə görə ödənilən əlavələr, həvəsləndirici əlavələr və Əmək Məcəlləsində nəzərdə tutulmuş digər ödənişlər daxildir:
"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyində olan bütün tibb işçilərinə aylıq maaşları verilib. Əməkhaqlarına əlavələrin tətbiqi isə vaxt tələb edir. İcbari tibbi sığorta səhiyyə sahəsində aparılan əhəmiyyətli islahatdır. Azərbaycan səhiyyə sistemində ilk dəfədir ki, səhiyyə işçilərinin əməyi xidməti fəaliyyətin iqtisadi və kəmiyyət göstəricilərinə görə qiymətləndirilir. Gələcəkdə səhiyyə işçilərinin əməyinin keyfiyyət göstəricisinə görə də qiymətləndirilməsi nəzərdə tutulur. Hazırda tibb müəssisələrinin mühasibatlıq və maliyyə şöbələri bonus və əlavələrin hesablanması üzərində çalışırlar. Agentlik də tibb müəssisələrinə bu istiqamətdə öz dəstəyini göstərir. Yaxın zamanda səhiyyə işçiləri əməkhaqlarına əlavələrini də alacaqlar", - deyə Agentlik sədri bildirib.
Növbəti yeniliklərdən biri də Agentliyin "Sığortaolunanın Tibbi Kabineti" adlı yeni elektron xidmətinin "myGov" portalına inteqrasiya olunması ilə bağlıdır. Artıq vətəndaşlar tibb müəssisələrində icbari tibbi sığorta çərçivəsində onlara göstərilən xidmətləri "MyGov" portalından sözügedən tibbi kabinetə daxil olaraq izləyə biləcəklər. Z.Əliyev sonda bildirib ki, əhalinin səhiyyə sistemindən gözləntilərinin bir il ərzində qarşılanması mümkün deyil: "Bunun üçün müəyyən vaxt tələb olunur və bu proses mərhələlərlə öz həllini tapacaq. Bir çox ölkələrdə icbari tibbi sığortanın tətbiqi müəyyən müddət ərzində reallaşmışdır. İcbari tibbi sığortanın tətbiqindən sonra da xəstəxanalarda həmin həkimlər çalışacaq, həmin tibbi xidmətlər göstəriləcək. Sadəcə olaraq səhiyyə sisteminin icbari tibbi sığortaya keçidində yeni mexanizmlərin və qaydaların tətbiqi müsbət dəyişikliklərə səbəb olacaq. Tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, göstərilən elektron xidmətlərin genişləndirilməsi, tibb müəssisələrində tətbiq olunan keyfiyyət standartları, səhiyyə işçilərinin təlimlərə cəlb edilməsi, əməkhaqlarına tətbiq edilən əlavələr – bütün bunlar hamısı göstərilən tibbi xidmətlərin keyfiyyətinə bilavasitə təsir etmiş olacaq. Bu islahatın uğurla həyata keçirilməsi ölkəmizdə səhiyyə sistemini köklü sürətdə dəyişəcək və əhalinin tibbi xidmətlərə əlçatanlığını artıracaq".