Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan
BAKI, 19 fevral — Sputnik. MSK-nın iclasında 30 saylı Suraxanı birinci seçki dairəsi üzrə namizəd olmuş Samirə Rəfullayevanın şikayətinə baxılıb.
Sputnik Azərbaycan xəbər verir ki, məsələ barədə məlumat verən MSK üzvü İlham Məmmədov bildirib ki, Samirə Rəfullayeva bu dairə üzrə pozuntular olduğunu bildirərək həmin dairə üzrə nəticələrin etibarsız sayılmasını xahiş edib.
İlham Məmmədov qeyd edib ki, bu iddialar tam olaraq öz təsdiqini tapmayıb. Yalnız 12, 14, 16 və 18 saylı seçki məntəqələrində səslər etibarsız hesab edilməlidir: “Bu seçki dairəsi üzrə sosial şəbəkələrdə 4 videogörüntü yayılıb. Araşdırma nəticəsində sevindirici hallar da aşkar edilib. Bu görüntülərdə məntəqə seçki komissiyalarının müsbət işləri də öz əksini tapıb”.
Daha sonra MSK 30 saylı Suraxanı birinci seçki dairəsi üzrə 4 məntəqədə - 12, 14, 16 və 18 saylı məntəqələrdə səsvermənin nəticələrinin etibarsız sayılmasına dair qərar qəbul edib.
MSK-nın iclasında 30 saylı Suraxanı seçki dairəsi üzrə S.Rəfullayevanın şikayətinin müzakirəsi üzrə qərar qəbul edildikdən sonra şikayətçi dairə üzrə 1 saylı məntəqədə də ciddi qanun pozuntularının olduğunu bildirib.
MSK sədri Məzair Pənahov həmin şikayət üzrə videogötüntünün olub-olmadığını soruşub.
S.Rəfullayeva belə bir videoya malik olduğunu bildirib.
İclasda 1 saylı məntəqədə baş verən pozuntulara dair görüntü böyük ölçülü televizorda nümayiş etdiirlib.
Bundan sonra 30 saylı Suraxanı seçki dairəsi üzrə 1 saylı məntəqədə də səsvermənin nəticələri etibarsız sayılıb.