Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan
BAKI, 10 fevral – Sputnik. Fevralın 9-da Azərbaycan parlamentinə keçirilən seçkilərlə əlaqədar TÜRKPA-nın müşahidə missiyası mətbuat konfransı keçirib.
Sputnik Azərbaycan xəbər verir ki, TÜRKPA-nın baş katibi Altunbey Mamayusupov parlament seçkilərinin heç bir qanun pozuntusu olmadan keçirildiyini bildirib.
Missiyanın rəhbəri İsmət Uçma isə öz növbəsində seçki məntəqələrində müşahidələr apardıqlarını bildirərək, məntəqələrdə siyasi fəallığın müşahidə edildiyini əlavə edib.
O vurğulayıb ki, seçkilər zamanı namizədlər üçün əlverişli şərait yaradılıb: "Bu isə ədalətli və şəffaf seçkilərin keçirildiyini bir daha təsdiqləyir. Məntəqələrdə seçicilər heç bir təsirə məruz qalmadan azad şəkildə seçimlərini edirdilər".
İsmət Uçma MSK-nın məcburi köçkünlərin də öz seçim hüquqlarından istifadə etməsi üçün lazımı şərait yaratdığını qeyd edıb: "Müşahidələr apardığımız seçki məntəqələrində texniki tərəfdən və insan amili nöqteyi-nəzərindən səsvermə prosesində hər hansı pozuntular görmədik. İnsanların məntəqələrə sevinc hissi ilə səs verməyə, sanki bayrama gəlmələrini görmək çox həyəcanlandırıcıdır. Bizim üçün həmçinin əhəmiyyətli amil namizədlərin maksimal sayda – 1500 nəfər olmasıdır. Bundan başqa, ümumi namizədlərin 20-30%-nin qadın olması çox sevindiricidir. İnşallah, bu seçkilər ölkəni və onun gələcək nəsillərini sonrakı inkişaf üçün möhkəm bünövrə ilə təmin edəcək".
O qeyd edib ki, TÜRKPA Şamaxı və Qobustanda məntəqələri izləyib: "Müşahidəmizin nəticəsi olaraq qərar gəlirik ki, seçki tam şəffaf şəraitdə keçib, seçki prosesi tam normal təşkil olunub. Namizədlərin müşahidəçilərinə lazımı şərait yaradılıb".