Yola saldığımız həftə müxtəlif hadisələrlə dolu olub. Yanvarın 31-dən fevralın 1-nə keçən gecə Böyük Britaniya Avropa İttifaqının tərkibindən çıxıb. Britain (Britaniya) + exit (çıxış) sözlərindən əmələ gələn, Brexit adlandırılan prosesi Britaniya vətəndaşları birmənalı qarşılamayıb.
Əhalinin bir hissəsi Britaniya bayraqları ilə küçələrə çıxaraq hadisəni sevinclə qarşılayıblar. Digər hissəsi isə Aİ-dən çıxmağa skeptik yanaşıb.
Pnevmaniyaya səbəb olan yeni təhlükəli koronavirus epidemiyası dünya üzrə yürüşünü davam etdirir. Son məlumatlara görə, dünyada bu xəstəliyə yoluxanların sayı 31,524 nəfərə çatıb. Onlardan 638 nəfər xəstəlikdən dünyasını dəyişib.
Digər hadisələrdən biri də İstanbulun Sabiha Gökçen Hava Limanında "Pegasus" aviaşirkətinə məxsus sərnişin təyyarəsinin əlverişsiz hava şərtləri nəticəsində qəzaya uğramasıdır. İzmir-İstanbul reysini həyata keçirən "Pegasus" Hava Yollarına məxsus "Boeing 737-800" tipli sərnişin təyyarəsi Sabiha Gökçen hava limanına enərkən uçuş zolağında dayana bilməyib və 30 metr məsafədən yerə çırpılıb yolun kənarına yuvarlanaraq 3 yerə parçalanıb. Təyyarədə 177 sərnişin və 6 ekipaj üzvü olub. Qəza nəticəsində 180 nəfər xəsarət alıb, 3 nəfər isə ölüb.
Dünyanın müxtəlif guşələrində baş verən hadisələri əks etdirən fotolar ötən həftə planetimizin necə yaşadığına işıq salıb. Sputnik Azərbaycan dünya informasiya agentliklərinin fotomüxbirlərinin çəkdiyi görüntüləri həftəlik fotolentdə təqdim edir.