BAKI, 4 fevral — Sputnik. Azərbaycanın ən təhlükəli zonasının adı açıqlanıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli jurnalistlərə açıqlamasında bildirib.
Q.Yetirmişli deyib ki, ötən müddətdə ölkədə 550-560 təkan qeydə alınıb. Q.Yetirmişli bildirib ki, ölkə ərazisində hər gün təkanlar olur: "Yanvar ayında Azərbaycanda maqnitudası 3-dən yuxarı olan 4 təkan baş verib. Bu zəlzələlər Xəzər dənizində və Mingəçevirdə olub. Dərində olduğuna görə bu zəlzələlər hiss edilməyib. Əgər həmin zəlzələ bir az dayazda olsaydı, orada böyük fəsadlar baş verərdi. Çünki Mingəçevir indiyədək seysmoloji baxımdan tam öyrənilməyib. İndiyədək bu məsələ daim gündəmə gətirilsə də, heç bir tədqiqat aparılmayıb. Mingəçevir indi Azərbaycan üçün ən təhlükəli zonadır, çünki oradakı su hövzəsinin altından birbaşa qırılmalar keçir. Həmin zəlzələ də hövzənin içində olub".